Bu gün Gəncə terrorundan iki il ötür. 11 oktyabr 2020-ci il tarixində baş vermiş terror hadisəsi zamanı insan tələfatı və külli miqdarda dağıntılarla nəticələnən cinayətlər baş verib.
Xeyli sayda insan sağlamlığına və əmlakına dəyən ziyanla yanaşı, mənəvi-psixoloji sarsıntıya məruz qalıb. Ümumilikdə, Gəncəyə olan dörd terror aktı nəticəsində 26 nəfər həlak olub.
Onlardan 1-i körpə, 5-i uşaq, 10-u qadın olmuşdur. Yaralanan 175 nəfər arasında 32-sinin uşaq, 57-sinin qadın olması birbaşa olaraq, qadın və uşaq hüquqlarının pozulması, hərbi cinayətin ən ağır nümunəsidir.
Bu hadisələri yorulmadan dünyaya çatdırmalı olduğumuzu deyən millət vəkili Razi Nurullayev “Sherg.az”a bildirib ki, beynəlxalq təşkilatlar həqiqəti bilir, amma addım atmır:
“Biz ruhdan düşüb erməni informasiyasının və təbliğatının çoxluğuna rəvac verə bilmərik. Bu gün beynəlxalq hüquq da, ədalət də güclünün tərəfində işləyir. Həqiqəti bərpa etmək istəyiriksə, daha da güclü olmalıyıq.
Beynəlxalq hüquq isə ABŞ, Rusiya, Çin kimi hegemon dövlətlərin əlində cəmləşib. Bizdən başqa, ölkələrin də haqlı davalarına göz yumulur.
Çünki biz haqsız bir dünyada yaşayırıq. Lakin haqqımızdan əl çəkməməli, həqiqəti dünyaya çatdırmalıyıq. Bəlkə də, ən azından əlehimizə çıxış edənlərin vicdanı sızladı. Hər halda artıq get-gedə güclənirik və xarici arenada oyunçuya çevrilməyə çalışırıq. Digər tərəfdən bizim haqlı davamıza rəğbət bəsləyən ölkələr də çoxdur.
Əgər ermənilər törətdiyi bu əməllərə görə üzr istəməsə və kompensasiya verməsələr, onlara qarşı beynəlxalq arenalarda olan təzyiqimizi davam etdirəcəyik”.