Plan belədir:“Qazaxıstan da Türkiyə ilə Azərbaycanın birgə hərbi təlimlərinə qoşulur"

Müstəqil Dövlətlər Birliyi (MDB) iştirakçı dövlətlərinin Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin Bakıda keçirilən növbəti iclası baş tutub. İclasda Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Qazaxıstan Respublikası müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-leytenant Marat Xusainov ilə görüşüb.

Qonağı salamlayan general-polkovnik K.Vəliyev hər iki ölkənin orduları arasında əməkdaşlığın inkişaf etdiyini və bu inkişafın cari ildə daha da sürətləndiyini vurğulayıb. O bildirib ki, hərbi nümayəndə heyətlərinin qarşılıqlı səfərləri, habelə aparılan təcrübə mübadilələri ordularımız arasında əlaqələrin daha da genişlənməsinə təkan verib.

Öz növbəsində, Qazaxıstan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Azərbaycana səfərindən məmnunluğunu ifadə edərək, səmimi qəbula görə öz minnətdarlığını bildirib. General-leytenant M.Xusainov Qazaxıstanın da Azərbaycan ilə hərbi əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduğunu diqqətə çatdırıb. O bunun hər iki ölkənin maraqlarına cavab verdiyini vurğulayıb.
Tərəflər Azərbaycan ilə Qazaxıstan arasında ikitərəfli hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivlərini müzakirə ediblər. Onlar bu əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün geniş potensialın olduğunu bildiriblər.

Görüşü “Sherg.az” dəyərləndirən jurnalist, siyasi şərhçi Aqşin Kərimov bildirib ki, Türk Dövlətləri Təşkilatının daxilində aktivlik müşahidə olunmaqdadır:

“Türkiyə maksimum dərəcə çalışır ki, Azərbaycanla birlikdə təşkilatın gücünü mümkün təhdidlərə qarşı birgə cavab tədbiri kimi təkmilləşdirsin. İqtisadi gücü, siyasi birliyi təhlükəsizik ölçülərində saxlamaq da olduqca vacibdir və bunun üçün həlledici vasitələrdən biri də hərbi qüdrətdir. Türkiyə ilə Azərbaycan birgə hərbi təlimlər keçirir, bu sıraya Qazaxıstanın da qoşulması planlaşdırılır. 

Yəni TDT(Türk Dövlətləri Təşkilatı) daxilində çoxformatlı hərbi məşqlərin vacibliyi ön plana çıxır. Digər tərəfdən hərbi təlimlər təhdidlərə qarşı təşkilatdaxili səylərin hərbi cəhətlərlə birləşdirilməsini simvolizə edir. Lakin məsələnin nəzəri tərəfindən başqa, gələcəyə hesablanan praktiki hədəfləri də mövcuddur. 

Türkiyə qlobal mənzərədəki güclərə qarşı alternativ formalaşdırmaq niyyətini güdür və bunu xarici siyasətinin daşıyıcısına çevirir. Ankaranın Latın Amerikası, Afrika, Asiya və Avropadakı maraq dairəsinin genişlənməsi gələcək üçün barmaq yerlərini çoxaltmaqdır və bunu TDT-ni də öz məqsədlərinə nail olmaq marşrutunda həlledici amillərdən biri kimi görür. Türkiyə istəyir ki, TDT-ni Ankaranın regional hərbi mövcudluq gücünə proyeksiya tuta biləcək həddə qədər inkişaf etsin. 

Bu,Azərbaycanın da marağındadır. Artıq Bakı ilə Ankaranın strateji müttəfiqlik sənədinin hərbi səhifələri də bu fikirləri gücləndirir. Bu səylərə Qazaxıstanın, Qırğızıstanın, Özbəkistanın da cəlb edilməsi prosesinə hazırlıq mərhələsi icra edilir.Lakin hər şey rəvan getməyəcək”.