Azərbaycanın iftixar, qürur mənbəyinə çevrilən Şuşa şəhərinin azadlığına qovuşduğu Zəfər Günü - 8 Noyabr tarixindən iki il ötür. Prezident İlham Əliyevin 17 ildə həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan 30 ilə yaxın davam edən münaqişədə qalib tərəfə çevrildi. Ali Baş Komandanın bir əmri ilə 44 günə mümkünsüzü mümkün edən müzəffər Azərbaycan Ordusu dünyaya haqqın, ədalətin var olduğunu göstərdi.
Müharibə dövründə xalq da öz dəmir yumruğunu, birliyini və gücünü nümayiş etdirə bildi.
“Dəmir yumruq” əməliyyatının ilk saatlarında cəbhə xəttindən sevindirici xəbərlər gəlməyə başladı. Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azadlığına qovuşdu. Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəkliyi, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik azad olundu.
Nəhayət, noyabrın 9-dan 10-na keçən gecə Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyanın üçtərəfli Bəyanatı imzalanması ilə hərbi əməliyyatlar dayandırıldı. Həmin Bəyanata əsasən, Ermənistan noyabrın 20-də Ağdam, 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonlarını Azərbaycan Silahlı Qüvvələrinə təhvil verdi. 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Xəbəri eşidər-eşitməz kiçikdən böyüyə hər kəs Qarabağın azadlığını qeyd etmək üçün küçələrə axışdı. Oxudu, çaldı, oynadı.
... Paytaxt Bakıda müharibənin miqyasını və Qələbənin möhtəşəmliyini göstərən Hərbi Qənimətlər Parkı yaradıldı. Vətən müharibəsində Azərbaycanın qələbəsi şərəfinə 2020-ci il dekabrın 10-da Bakının Azadlıq Meydanında Zəfər paradı keçirildi.
Vətən müharibəsi zamanı Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanın müharibənin ilk saatlarında “Azərbaycan tək deyil, Türkiyə onun yanındadır” deməsi Azərbaycana əlavə güc verdi. Qələbədən sonra tarixi Şuşa Bəyannaməsini imzalayaraq Türkiyə və Azərbaycan rəsmən müttəfiqlik zirvəsinə yüksəldi.
İndi isə Azərbaycan tamamilə dağıdılmış 10 min kvadratkilometr ərazidə yeni həyat qurur. Qarabağda həyat dirçəlir!
8 Noyabr Qələbə Günü münasibətilə "Sherg.az"a açıqlama verən Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, general Yücel Karauz bildirib ki, Dövlətlərin və millətlərin həyatında Zəfər Günü çox önəmlidir:
"Torpağı Vətən, bayraqları bayraq edən şəhidlərimizi və qazilərimizi rəhmətlə anıram. Vətən savaşı qısa müddətdə 28 illik, uzun zaman kəsiyində isə 200 illik hesablaşmanın nəticəsidir. II Qarabağ müharibəsi Azərbaycanın "Çanaqqala", "Malazgird" savaşıdır. Azərbaycan tarixdə yaşadığı müddətcə şərəflə, qürurla anılacaq. Qələbəni bizə qazandıran Prezident İlham Əliyevin ordu quruculuğuna verdiyi dəyər, dəstək və Azərbaycan Silahlı Qüvvələrin ən yüksək səviyyəyə gəlməsi çox əhəmiyyətlidir. 28 il ərzində öz haqq və hüquq savaşını diplomatik arenada axtaran, sülh istəyən Azərbaycanın və dövlət başçısının Ermənistanın təxribatlarına qarşı başlatdığı savaş Azərbaycan tarixinin ən önəmli Zəfəridir. Bu, təkcə Azərbaycanın deyil, Türk dünyasının qələbəsidir. Zəfər yalnız Azərbaycanın yox, Türkiyənin də Zəfəridir. Qələbə Azərbaycan dövlətinin, müzəffər ordusunun öz imkanları ilə qazandığı, ən qısa müddətdə bitən, qəhrəmanlıq, cəsarət nümunəsilə bərabər müasir silah sursatla yeni hərbi taktiki təlimlərin istifadəsi nəticəsində qazanılıb".
Y.Karauzun qənaətincə, Zəfəri ölkəmizə qazandıran təməl səbəblər var:
"Birincisi, Azərbaycan xalqının vətən sevgisi və milli-mənəvi dəyərlərə hörməti, Ermənistanın təcavüzünə qarşı milyonlarla insanın sərgilədiyi əzmdir. Digəri dövlətin bütün qurumlarının düzgün işləməsidir. Növbəti isə müzəffər ordudur. Azərbaycan Silahlı Qüvvələri Qələbə qazanmaqdan ötrü dağa, daşa "Qarabağ, Azərbaycandır" dedi. 24 saat gecə-gündüz, soyuqda, istidə təlimlər keçdi və dövlətinin şərəfini qurtaracaq şəkildə cəsarəti ilə Zəfərə nail oldu. Ən mühüm səbəbkarlardan biri də, lazımi vaxtda "Dəmir yumru"ğunu havaya qaldıraraq Ermənistanın başına endirən Prezident, Ali Baş Komandan İlham Əliyevdir. Dövlət başçısı cəbhədə, qərargahda, media və informasiya müharibəsində mübarizə apardı.
44 günlük müharibə Azərbaycanın haqq savaşıdır. Haqq və hüquq qalxan "Dəmir yumruq"la bərpa olunub. Azərbaycanın Zəfəri yüz illər keçsə də, unudulmayacaq.
Azərbaycanın Zəfəri türk dövlətlərinin daha sıx əlaqələr qurmasına şərait yaradıb. Biz "bir millət, iki dövlət" idik. Bir millət, yeddi dövlət" halına gələcəyik.
83 milyon Anadolu türkü adına cənab Prezident, Ali Baş Komandana bu qüruru, şərəfi yaşatdığı üçün minnətdarlığımı bildirirəm. Allah həmişə Zəfərlərdə bir araya gəlməyimizi nəsib etsin. Türkiyə və Azərbaycan qardaşlığı keçmişdə, bugündə və gələcəkdə daim var olsun".