Ermənistana bir neçə ay şans verə bilərik, amma səbrin sonu...”

“...uzaqda deyil”

“Xankəndi istiqamətində, Ermənistanın möhkəmləndiyi nöqtələrdə müəyyən hərbi addımların atılması gözləniləndir”



" Azərbaycan tərəfi bir az da səbrli olacaq, lakin səbrin sonu uzaqda deyil. Artıq iki ildir, səbrli davranırıq. Bir neçə ay da Ermənistanla diplomatik əlaqələrin baş tutması üçün şans verə bilər.
Ermənisdan prosesləri maksimum uzatmağa çalışır. Proses ləngidikcə dünyadakı siyasi vəziyyət də dəyişə, yeni reallıqlar yarana bilər".
Bunu "Sherg.az" açıqlamasında  hərbi-siyasi ekspert Həşim Səhrablı deyib.
Ekspert bildirib ki, hazırkı reallıqda Ermənistan sülh müqaviləsi imzalasa, Azərbaycanın qoyduğu şərtləri yerinə yetirməyə məcburdur:

"Belə halda erməni maraqları kənarda qalır. Ermənilər həm hərbi texniki gücünü  bərpa etməyə, həm də iqtisadi vəziyyətini düzəltməyə çalışır. Yeni tərəfdaşlar tapıb Azərbaycana qarşı güc sərgiləməyi düşünür. Rəsmi Bakı baş verənlərin fərqindədir, indiki şansları əldən vermək istəmir. Bütün mümkün təzyiq vasitələrindən yararlanacaq. Ermənistana qarşı daha ciddi addımlar atacağını gözləmək mümkündür. Prezident İlham Əliyevin Zəfər Günündə, həm də Türk Dövlətlərinin zirvə görüşündəki çıxışı Azərbaycanın qətiyyətli olduğunu deməyə əsas verir. Azərbaycan tərəfi bir az da səbrli olacaq, lakin səbrin sonu uzaqda deyil. Artıq iki ildir, səbrli davranırıq. Bir neçə ay da Ermənistanla diplomatik əlaqələrin baş tutması üçün şans verə bilər. Sonra Xankəndi istiqamətində, Ermənistanın möhkəmləndiyi nöqtələrdə müəyyən hərbi addımların atılması gözləniləndir. 

Vətən müharibəsi kimi genişmiqyaslı əməliyyatlar keçirilməyəcək, amma hərbi addımlar atıla bilər".
Qeyd edək ki, noyabrın 11-i saat 00:30-dan saat 00:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Bəzirxana yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.

Bundan başqa, noyabrın 11-i saat 01:45-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdikləri Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Xocavənd rayonu istiqamətində yerləşən mövqelərinə atəş açılıb.

Azərbaycan Ordusunun bu istiqamətlərdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.