"Zəngəzur dəhlizinin hüquqi idarə edilməsi ilə bağlı beynəlxalq səviyyədə fikir ayrılıqları mövcuddur".
Bunu "Sherg.az"a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli deyib.
Ə.Əlibəylinin qənaətincə, Rusiya öz nəzarəti altında Zəngəzur dəhlizinin açılmasını istəyir. Amma Çinlə Böyük Britaniya bunun tərəfdarı deyil:
"Qlobal güclər arasında fikir ayrılığı yaşandığı üçün Ermənistan rahat şəkildə faydalanmağa çalışır. Ermənistan 10 Noyabr razılaşmasında gah dəhliz məsələsi yoxdu deyir, gah da Zəngəzur. Bəzən də Ermənistanın ərazi vahidi kimi tanınmasını istəyir. Alternativ Laçın dəhlizindən də humanitar məqsədlərlə istifadə etmirlər.
Yekunda hərbi toqquşmaların yaşanması mümkündür. İran, hətta Hindistan faktoru da prosesə daxil oldu. Bir az da onlar Ermənistanın doğru siyasətinin manipulyasiya etdi. İndi də Zəngəzur dəhlizinə paralel Hindistan, İran, Ermənistan nəqliyyat dəhlizinin çəkilməsinə çalışırlar. Prezident İlham Əliyev demək istəyir ki, heç bir güc, mərkəz, ölkə bu problemi uzada bilməz, Azərbaycan istəyini reallaşdıracaq".
Qeyd edək ki, noyabrın 11-də Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşü keçirilib. Prezidenti İlham Əliyev tədbirdə çıxış edib:
"İkinci Qarabağ müharibəsinin nəticələri bölgə üçün yeni imkanlar açır. Azərbaycan Zəngəzur dəhlizinin yaradılmasını fəal şəkildə təşviq edir və dəhlizlə bağlı öz ərazisində genişmiqyaslı fəaliyyət həyata keçirir. Zəngəzur dəhlizinin açılmasından bütün region ölkələri faydalanacaq"-, dövlət başçısı bildirib.