Millət vəkili ekspertin təklifini dəstəklədi

İşğaldan azad olunan bəzi kəndlərin birləşdirilməsinə ehtiyac var

  Əmlak eksperti Elnur Fərzəliyev işğaldan azad olunmuş ərazilərimizdəki bir neçə kiçik kəndin bir inzibati idarəçilikdə birləşdirilməsini təklif edir. Onun sözlərinə görə, kiçik kəndlərin birləşdirilərək böyük qəsəbələrə çevrilməsi işğaldan azad edilmiş torpaqlarımızın abadlaşdırılmasında 30 faiz qənaətə imkan verə bilər.
  
Burada söhbət həmin ərazilərin bərpasının sürətli aparılması, ayrılan xərclərin minimuma enməsindən gedir: “İşğaldan azad olunmuş rayonlarımızdakı kəndlərə nəzər salsaq, işğaldan əvvəl əksər kəndlərdə əhali və mənzil sayı minimal idi. Bəzi kəndlər hətta 30-40 fərdi həyət evlərindən ibarət olub. Həmin kəndlərin hər birini yenidən qurmaq, orada yeni orta məktəb, uşaq bağçası, tibb məntəqəsi tikmək, yeni yolların çəkilməsi, qaz, su, işıq və digər kommunikasiyaların qoşulması büdcədən külli miqdarda pulların ayrılması deməkdir. 

Bu baxımdan hər 5-6 kiçik kəndləri birləşdirərək qəsəbələr, yaxud böyük kəndlər salmaqla, həmin xərcləri minimuma endirmək olar. Böyük qəsəbələr insan sıxlığı deməkdir. Bu isə həmin ərazilərdə ticarət sektorunun inkişafı və müxtəlif sayda yeni iş yerlərinin açılmasına səbəb ola bilər. Bu cür yanaşma ilə həm ərazilərin bərpası sürətlə aparıla bilər, həmçinin oraya köçəcək insanlarda orada yaşamağa maraq artacaq. Əlavə olaraq dövlət büdcəsi böyük məbləğlərə qənaət etmiş olacaq.

Artıq Qarabağı görmədən, lakin əslən qarabağlı olub digər şəhər tipli ərazilərdə doğulan ikinci, üçüncü nəsil formalaşıb. Onlar üçün də şəhərdən kəndə deyil, şəhərdən şəhər tipli qəsəbələrdə köçüb yaşamaq daha asan olacaq". 

  Millət vəkili Ceyhun Məmmədov da “Şərq”ə açıqlamasında ekspertlə həmfikir olduğunu deyib. O da hesab edir ki, işğaldan azad edilən kiçik kəndlərin bərpasına ehtiyac yoxdur:

 “Təbii ki, burada 5-10 evdən ibarət olan ucqar kəndlərdən söhbət gedir. Sakinlərin sayı az olsa da, dövlət məcburdur həmin kəndə yeni yol, su, qaz, işıq xətləri çəksin. Məktəb, bağça, xəstəxana  tiksin. Bütün bunlar üçün də kifayət qədər vəsait lazımdır deyə kiçik kəndlərin bir- bir bərpasına ehtiyac yoxdur. Kiçik kəndlərin birləşdirilərək böyük qəsəbələrə çevrilməsi işğaldan azad olunan ərazilərimizə “Böyük Qayıdış” prosesinin sürətləndirilməsi üçün də məqsədəuyğun layihədir. Hesab edirəm ki, bu təklif dövlət tərəfindən də dəyərləndirilməli və müvafiq istiqamətdə real addımlar atılmalıdır”.