Bu isə demoqrafik vəziyyətə mənfi təsirini göstərəcək
“Bu təhlükələr nəzərə alınmaqla aztəminatlı ailələr üçün sosial paket siyasəti işlənməli, evliliklərinin sayının artmasına yönələn tədbirlər həyata keçirilməlidir”
“Əhali göstəricilərində yaşlı insanların çoxalması, gənclərin azalması ciddi problemdir, Problem həllini tapmadıqca, ölkəmizdə demoqrafik vəziyyət qarşıdakı illərdə dərinləşə bilər”.
Bu fikirləri “Sherg.az"a açıqlamasında sosioloq Mətanət Məmmədova bildirdi.
Xatırladaq ki, Milli Məclisin ötən iclasında deputat Fazil Mustafa ölkədə yaşlı əhalinin sayının artdığını, gənclərin sayınınsa azalmaqda olduğunu deyib. Deputat təklif edib ki, uşaqların doğumuna görə birdəfəlik müavinətin miqdarı artırılmalıdır:
“Uşaqların doğumuna görə birdəfəlik müavinət artırılıb. Amma kateqoriyaları bir az ayırmaq lazımdır. İşsiz, imkanı olmayan şəxslər üçün eyni standart, doğulan uşağa görə 500 manatın verilməsi ədalətli sayılmır. Biz demoqrafik siyasətlə bağlı stimullaşdırıcı addım atmırıq. Yaşlı əhalinin sayının azalması doğum faizinin aşağı düşməsinə görədir. Hamiləlik və doğuma görə vəsaitin artırılması vacibdir”.
Sosioloq Mətanət Məmmədova da qeyd edilənlərlə razılaşdığını bildirdi:
- Bəli, əhali arasında yaşlı insanların sayı artmaqdadır, gənclərin sayı isə azalmaqda. Qarşıdakı illərdə bu nisbət daha da dərinləşə bilər. Bu da əsasən doğum faizinin aşağı düşməsinə görədir. Doğum faizi aşağı düşürsə, təbii olaraq yaşlı insanların sayı artmış olur. Bu, qanunauyğun prosesdir. Doğum səviyyəsinin aşağı düşməsi, məntiqi yanaşma ilə gələcəkdə yaşlı insanların sayının çox olacağı ehtimalını artırır. Bu isə demoqrafik vəziyyətə də mənfi təsirini göstərəcək. Hazırda Azərbaycan ailəsi 3 (ana, ata 1 övlad), çox az hallarda 4 (ata, ana, 2 övlad), təsadüfi hallarda isə 5 nəfərdən (ata, ana, 3 övlad) ibarətdir. Qadınlar çox nadir hallarda 3-cü övlad dünyaya gətirir. Müasir ailələr, ümumiyyətlə, 1 uşaqla kifayətlənirlər. Bunu da məhz sosial-iqtisadi amillərlə, maddi çətinlik, işsizlik, evsizlik problemi ilə əlaqələndirirlər. Bu problemlər dərindən təhlil olunmalı və həqiqəti hansı dərəcədə əks etdirdiyi dəqiq öyrənilməlidir. İşlə təminat var, məşğulluq faizi filan qədərdir, deməklə, problemin üzərini örtmək, yaxşı bir şey vəd etmir. Əgər biz həqiqətən də gələcəkdə demoqrafik problemlə üzləşmək istəmiriksə, problemlər zamanında həll edilməlidir.
Sosioloq qeyd etdi ki, əhali nisbətinin tənzimlənməsi üçün əsaslı işlər həyata keçirilməli, sosial layihələr icra olunmalıdır:
- Rusiyada doğum faizinin aşağı olması bir müddət əvvəl bu ölkənin parlamentində müzakirəyə çıxarıldı. Deputatlar təklif etdilər ki, yeni doğulanlar üçün əlavə ödənişlər tətbiq edilsin, hətta evlənməyənlər, subay gənclər cərimələnsin. Düzdür, bunun kəskin reaksiyalara səbəb olacağı da deyildi, amma ən azından problem müzakirəyə çıxarılıb. Ölkəmizdə demoqrafik vəziyyət pis deyil. Amma doğum faizinin aşağı düşdüyü, ailə tərkiblərinin azaldığı faktdır. Hazırda yeni qurulan ailələrdə 1 uşaqla kifayətlənirlərsə, 60-70 ildən sonra yaşlı insanların sayı ilə gənclərin sayı arasında kəskin fərq özünü göstərəcək. Normal halda əhali tərkibində gənclər çoxluq təşkil etməlidir. Doğum faizi normaldırsa, bu, məhz belə olur. Amma hansı ölkədə ki evliliklərin sayı, doğum faizi aşağı düşür, orada getdikcə yaşlı insanların sayı artır. Cins tərkibi problemi də var. Selektiv abortlar daha bir təhlükədir. Qız uşaqlarının arzu edilməməsi, oğlan uşaqlarına üstünlük verilməsi, gələcəkdə yaşlı insanlar arasında kəskin cins fərqi yaradacaq. Kişilərin sayı çox olacaqsa, bu da evlənmə məsələsində ciddi problem yaradacaq. Oğlanlar, bu gedişlə, evlənməyə qız tapmayacaqlar. Evlilik sayı azalacaq, deməli. Disbalans evlilik və bundan irəli gələrək də doğum faizinin aşağı düşməsinə gətirib çıxaracaq. Selektiv abortlar sosial həyatın başqa sahələrində mənfi təzahürlər yaradır. Necə ola bilər ki, məsələn, bir çox sahələrdə yalnız kişilər çalışsın, qadın gözə dəyməsin?!. Cəmiyyətdə qadın-kişi sayı balanslı olduqda həyat rəvan şəkildə davam edir. Əksi isə tarazılığın pozulması deməkdir. Tarazlıq pozulmuş cəmiyyət müsbət ola bilməz. Ona görə də bu təhlükələr nəzərə alınmaqla aztəminatlı ailələr üçün sosial paket siyasəti işlənməli, evliliklərinin sayının artmasına yönələn tədbirlər həyata keçirilməlidir. Məsələn, yeni evlənənlərin mənzilə sahib olmaları üçün güzəştlər tətbiq edilməlidir. Hazırda gənclərin əsas problemi evsizlikdir.