Geriyə yol yoxdur! - “Azərbaycan İranla “öz dilində” danışır”

“Prezident İlham Əliyevin Güneydə yaşayan soydaşlarımızın haqq və hüquqlarının qorunması məsələsini Türk Dövlətləri Təşkilatının (TDT) gündəliyinə daşıması təsadüfi deyil”

“Təbriz küçələrində İlham Əliyevin posterləri, müxtəlif şüarlar və.s təbii olaraq molla rejimini qorxudur”

"Bu gün Azərbaycan və İran münasibətlərində ciddi çatlar yaranıb. Məhz cənub qonşumuz çatları  daha da dərinləşdirir.
Uzun illərdir ki, Azərbaycana qarşı düşmən mövqedən çıxış edən rəsmi Tehran Azərbaycanın müstəqilliyini, Qarabağın geri qayıtmasını həzm edə bilmir".
Bunu "Sherg.az"a siyasi şərhçi Rusif Məmmədsoy son günlər gərginləşən İran-Azərbaycan münasibətlərindən danışarkən deyib. 
Analitikin fikrincə, İran daim Ermənistanı silahlandırıb və dəstəkləyib:

"Hələ azmış kimi daxildə təxribatçı qruplar yaradıb, onları da silahlandırıb. Hətta səfirlikdən də istifadə edib. Əlbəttə, biz baş verənlərə dözümlü yanaşa bilmərik. Artıq geriyə yol yoxdur. Azərbaycan İranla öz dilində danışmağa başlayıb. Belə ritorika davam edəcək. 

 Prezident İlham Əliyevin Güneydə yaşayan soydaşlarımızın haqq və hüquqlarının qorunması məsələsini Türk Dövlətləri Təşkilatının (TDT) gündəliyinə daşıması təsadüfi deyil. Bu, İranı narahat etməklə bərabər, həmçinin güneyli soydaşlarımıza ciddi dəstək və stimul idi. 

Soydaşlarımız yalnız deyil və  onların yanında olduğumuzu hiss edirlər. Təbriz küçələrində İlham Əliyevin posterləri, müxtəlif şüarlar və.s təbii olaraq molla rejimini qorxudur. Verilən mesaj isə budur: biz azadlıq, ədalət və milli hökumət tələb edirik".

Qeyd edək ki, Azərbaycan - İran münasibətlərinin gərgin olduğu ərəfədə Təbrizdə Prezident İlham Əliyevə dəstək posterləri yayılıb. Güney Azərbaycan şəhərlərində divarlara dövlət başçısının fotoları vurulub.