“Bu həm də veteranların və müharibə əlillərinə ödənilən vəsaitlərin miqdarına təsirini göstərəcək"
Milli Məclisdə sərhəddə xidmət edən hərbçilərin maaşının 50 faiz qaldırılması təklif olunub. Bu təşəbbüslə MM dünən keçirilən iclasında millət vəkili Zahid Oruc çıxış edib. O bildirib:
"Təklif edirik ki, yeni qazandığımız və hələ delimitasiya edilməyən sərhədlərdə hərbi mövqe tutan zabit və əsgərlərin ödənişləri indiki kimi 20 faiz deyil, 50 faizə qədər artırılsın. Bundan ötrü 100 milyonlara ehtiyac yoxdur, lakin nəticə təhlükəsizliyimiz üçün önəmlidir".
Təklifə münasibət bildirən hərbi ekspert Ədalət Verdiyev "Sherg.az"a söyləyib ki, bu, kifayət qədər realdır:
"Sərhəddə xidmət edən hərbçilərin maaşının neçə faiz qalxacağı isə sərəncam imzalandıqdan sonra məlum olacaq.
Hər bir halda növbəti ilin yanvar ayının 1-dən hərbi qulluqçularımızın maliyyə vəziyyətinin yaxşılaşdırılması üçün addım atılması gözləniləndir.
Bu həm də veteranların və müharibə əlillərinə ödənilən vəsaitlərin miqdarına təsirini göstərəcək".