"Son vaxtlar lotereya köşklərinin sayı günü-gündən artır. Şəhərin mərkəzində lotoreya məntəqələrinə rast gəlmək mümkündür".
Bunu "Sherg.az"a açıqlamasında Sağlam Cəmiyyət Hərəkatının rəhbəri, sosioloq Elçin Bayramlı ölkədə lotereya köşklərinin sayının artmasına münasibət bildirərkən deyib.
O qeyd edib ki, əhalinin əksəriyyəti əlinə düşən 5-10 qəpiyi ümidlə lotereyaya verir:
"Səbəblərdən biri sosial-iqtisadi vəziyyətin ağırlığıdır. İnsanlar iş tapa, normal gəlir əldə edə bilmir. Yoxsulluqdan qurtulmaq üçün çıxış yolunu lotereyada görürlər. Digər səbəb isə psixolojidir. Əhalinin bir qismi asan yolla pul qazanmağa həvəs göstərir. Onların normal gəliri olsa belə rahat və asan vasitələrlə qazanc götürmək istəyirlər. Hər iki qrup da məqsədinə çata bilmir.
Kifayət qədər insan var ki, az məbləğ qazanıb. Sonra isə iki-üç dəfə çox uduzub.
Evini satanlar, kredit götürənlər də var. Bu, sözün əsl mənasında sosial faciədir. Lotereyalar ləğv edilməlidir".
Sosioloqun fikrincə, 2000-ci illərdə lotereya ilə özəl şirkətlər məşğul olurdu:
"İndi isə vətəndaşla faktiki olaraq qumar oynanılır. Ən yaxşı halda yığılan məbləğin 50 faizi uduş fonduna gedir, qalanı isə mənimsənilir. Necə deyərlər, "mədəniləşmiş" qumar növüdür. "Topaz" da Azərbaycan xalqına zərbə vuran qumardır. İnternetdə də qumar oyunları mövcuddur.
Hər növ qumar oyunu qəti şəkildə qadağan edilməlidir. Biabırçılıq ortadan qalxmalıdır. Bizim cəmiyyət üçün çox təhlükəli və faciəvi haldır, yığışdırılmalıdır. Cinayət məcəlləsində cəza tətbiq edilməlidir. Əks halda sosial vəziyyət daha da ağırlaşacaq".