"Ermənistanın baş naziri Nikol Paşinyan KTMT-də Bakıya qarşı son şansını da itirdi".
Bunu "Sherg.az"a açıqlamasında siyasi analitik Asif Nərimanlı deyib.
O bildirib ki, Ermənistan KTMT-dən istədiyini növbəti dəfə də ala bilmədi:
"Təşkilatın müzakirə etdiyi məsələlərin ikisi Azərbaycanla bağlı olub. Biri sərhəd məsələsində Ermənistana hərbi dəstəyin verilməsi, digəri isə Azərbaycanın “hücumunun” siyasi qiymətləndirilməsidir. İrəvanın gündəliyə daxil edildiyi iki məsələdən savayı digərləri qəbul olunub.
KTMT “Ermənistan-Azərbaycan sərhədindəki gərginliklə əlaqəli kompleks tədbirlərin hazırlanmasını razılaşdırmaqla” İrəvana Bakı ilə bağlı tələblərinin qəbul edilməcəyinə dair açıq mesaj verdi.
Paşinyan narazıdır və bunu açıq mətnlə ifadə etdi, həm də İrəvan üçün itirilmiş fürsətdir. Ermənistan KTMT-yə sədrliyi dövründə Azərbaycana qarşı cəbhəni qurmaq şansının olduğunu düşünür, çalışırdı. Lakin sədrlik etdiyi son iclasda da nəticə əldə edə bilmədi".
Siyasi şərhçinin fikrincə, Belarusun KTMT-nin sədrlik edəcəyi müddətdə Azərbaycana dair məsələlərin gündəmə daxil edilməsi, yaxud qəbul edilməsi imkanları olduqca zəifdir:
"Belarus prezidenti Aleksandr Lukaşenkonun mövqeyi də belə deməyə əsas verir. Paşinyanın KTMT-də Azərbaycana qarşı əlindəki son şansdan istifadə edə bilməməsini Bakının İrəvanı öz evində məğlub etməsi kimi də qiymətləndirmək mümkündür.
Ermənistan KTMT və Rusiyaya qarşı sərgilədiyi mövqeyi gücləndirəcək. Amma rəsmi İrəvan səviyyəsindən daha çox, ictimai rəy müstəvisində kampaniya şəkilində olacağı ehtimalı daha böyükdür".
Qeyd edək ki, yaxın üç ildə KTMT-nin baş katibi vəzifəsini Qazaxıstan təmsilçisi İmanqali Tasmaqambetov icra edəcək. O, 2023-cü ildən KTMT-nin baş katibi olacaq.