Bakı haqlıdır! – “Makronun iştirak edəcəyi görüş Azərbaycanın maraqlarına ziddir”

Noyabrın 25-də ADA Universitetində  “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfrans keçirilib. Prezident İlham Əliyev konfransdakı çıxışı zamanı dekabrın 7-də Brüsseldə Ermənistanın baş naziri Nikol Paşinyan ilə nəzərdə tutulan görüş keçirilməyəcəyini vurğulayıb:

"Dünən Hikmət Hacıyev mənə məlumat verdi ki, onunla Şarl Mişelin ofisindən əlaqə yaradılıb. Bildirilib ki, Ermənistanın baş naziri həmin görüşə yalnız orada Fransa Prezidenti Emmanuel Makronun iştirak edəcəyi təqdirdə razılıq verə bilər. Bu isə o deməkdir ki, həmin görüş baş tutmayacaq”.

Görüşün baş tutmaması ilə bağlı"Sherg.az"a danışan  sabiq xarici işlər naziri Tofiq Zülfüqarov qeyd edib ki, Fransa prezidenti E.Makronun iştirak edəcəyi görüş Azərbaycanın maraqlarına uyğun deyil:

"Avropa İttifaqının (Aİ) görüş formatında  Fransanın da xüsusi yer tutması başa düşülən deyildi. Onsuz da Aİ başçısı iştirak edir. Fransanın bu məslədə rol oynamaq cəhdi Azərbaycan tərəfindən qəbul edilmir. Azərbaycan ictimaiyyəti və dövləti Fransanın indiki rəhbərliyinin qeyri-obyektiv mövqe sərgilədiyinin dəfələrlə şahidi olub. Görüşlər əsasən, Rusiyanın, Aİ-nin təşəbbüsü ilə gerçəkləşir. Vaşinqton formatı çərçivəsində də xarici işlər nazirləri görüşləri reallaşdırır. Ümumiyyətlə, görüşün baş tutması üçün yer çoxdur".