Topu yüksəklərə qaldıraq, yoxsa kitabı? - Naşir sərt təpki ilə üzləşdi

Bir neçə gündür ki, futbol üzrə sayca 22-ci  dünya çempionatına start verilib. Yarış başladığı andan etibarən sosial şəbəkə istifadəçiləri azarkeşlik etdiyi komandalar barədə dəstək statusları paylaşır. Həmçinin çempionatda qarşılaşan futbol komandalarının müzakirəsini aparır. Belə bir ərəfədə naşir, yazar Şahbaz Xuduoğlunun feysbukda paylaşdığı status futbol sevərləri qıcıqlandırıb.

"Sherg.az"ın məlumatına görə, naşir yazır:

"Hara baxıram, futbol. Hər kəs futboldan danışır. Məncə, futbol qlobal cəhənnəmdir. Kim  ora düşür, çıxa bilmir.
Teatr, kino, muzeylər, səyahətlər, sərgilər olduğu halda futbol nədir ki?! Pivə içə-içə futbola bax, sonra da bakalı rəqib komandaya azarkeşlik edənin başına sıx. Bu nə deməkdir? Bu, kütləvi psixozdur".

İstifadəçilər isə naşirin fikri ilə razılaşmayıb. Paylaşıma "mövqeyinizi bəyənmədim", "futbol eşqdir", "şişirtməyin" kimi şərhlər gəlib.

Qeyd edək ki, dünya çempionatının yay fəsilində deyil,  qış mövsümünün gedişində keçirilməsi bir ilkdir. Yarış həm də 32 komandanın iştirakı ilə baş tutan sonuncu mundial olacaq. Artıq 2026-cı ildən dünya çempionatında 48 komanda mübarizə aparacaq.