“Biz Azərbaycan xalqı və dövləti olaraq proseslərdən az itki ilə çıxmağa çalışmalıyıq”
“Bizim birbaşa həll ediləsi problemimiz Ermənistan və ən əsası Rusiyayladır"
Son zamanlar Azərbaycan - İran münasibətlərində gərginlik müşahidə edilir. İranın Azərbaycanın sərhədlərində hərbi təlimlər keçirməsi, mediasında Azərbaycana qarşı tənqidi çıxışlar ölkəmizdə sərt əks reaksiyalar doğurub.
Azərbaycan Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələri İranla sərhəd ərazilərdə hərbi təlimlər keçirdi. Ölkə mediasında, o cümlədən rəsmi mediada İrana qarşı sərt tənqidi mesajlar əks olunan materiallar işığlandırılır.
Ümumiyyətlə, Türkiyə-Azərbaycan birgə hərbi təlimlərinin tez-tez keçirilməsi Tehranı qıcıqlandırır. İsrail faktoru Tehranla Bakı arasında münasibətləri daha da gərginləşdirir. Məlumdur ki, İsrail istehsalı olan PUA-lar İkinci Qarabağ müharibəsində fəal istifadə edilib. Üstəlik yaxın günlərdə İsraildə Azərbaycan səfirliyinin açılması barədə qanun təsdiqlənib. Azərbaycan-İsrail və Azərbaycan-Türkiyə arasında sıx əlaqələr Tehran üçün qəbuledilməzdir.
Artıq Azərbaycan Prezidenti İlham Əliyev də İranın yürütdüyü siyasət barədə mövqeyini açıq şəkildə ortaya qoyur. Noyabrın 25-də ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransın açılışında dövlət başçısı sözügedən məsələyə toxunub.
"İran ilə sərhəddə hərbi təlimlər keçirməli olduq ki, onlardan qorxmadığımızı nümayiş etdirək.Mən İranın üç prezidenti – Hatəmi, Əhmədinejad və Ruhani ilə işləmişəm. Bütün bu illər ərzində bugünkünə bənzər vəziyyət yaranmamışdı. Heç vaxt İran bizim sərhədimizdə bir neçə ay müddətində iki hərbi təlim keçirməmişdi. Heç zaman Azərbaycana qarşı bu qədər nifrət və hədə-qorxu ilə dolu bəyanat verilməmişdi", - Prezident bildirib.
Dövlət başçısı vurğulayıb: "Biz hər zaman istənilən anti-Azərbaycan bəyanatına və hərəkətinə cavab vermişik və verəcəyik. Bu səbəbdən biz İran ilə sərhəddə hərbi təlimlər keçirməli olduq ki, onlardan qorxmadığımızı nümayiş etdirək. Biz həyat tərzimizin, Azərbaycanın dünyəvi inkişaf vektorunun və azərbaycanlıların, o cümlədən İranda yaşayan azərbaycanlıların müdafiəsi üçün əlimizdən gələni edəcəyik. Onlar xalqımızın bir hissəsidir".
İran-Azərbaycan gərginliyinin real səbəbləri barədə "Sherg.az"a danışan Azərbaycan Jurnalistlər Birliyinin sədri, “Ayna-Zerkalo” qəzetlərinin baş redaktoru Elçin Şıxlı söyləyib ki, İranın qorxusu müstəqil, demokratik inkişafda olan Şimali Azərbaycandır:
" İran dövlətinin tərkibində, lakin öz torpaqlarında yaşayan cənublu soydaşlarımız onlar üçün ciddi təhlükə və təhdiddir. Şimali Azərbaycan çiçəkləndikcə cənublu soydaşlarımız da azad yaşamağa can atacaqlar. İranın Azərbaycana qarşı düşmənçiliyi də məhz bundan qaynaqlanır. Azərbaycan İranın oyunlarına dözmək fikrində deyil. Bu Azərbaycanın İrana birbaşa müharibə elan edəcəyi anlamına gəlmir. Azərbaycan İranla cəbhədə tək deyil, Türkiyə də var. Güc amillərindən biri də İsraildir. İranın xarici siyasətinin əsas prioritetlərin biri İsraili sionist dövlət adlandıraraq yer üzündən silməkdir. İsrail özünü müdafiə edəcək, müttəfiqlər axtaracaq. Təbii müttəfiq də bizik. Müstəqilliyimizin ta ilk günündən İsrail öz ərazisində Azərbaycan səfirliyinin açılmasını istəyib. İrana görə razılıq verməmişik. 30 ilə yaxındır, Azərbaycanda İsrail səfirliyi var".
E.Şıxlının dediklərinə görə, İranla açıq siyasi qarşıdurma müstəvisindəyik:
"İranın daxilində xalqın rejimə qarşı etirazı olmasaydı, proseslər belə həddə gəlib çatmayacaqdı. Dünyada yerdəyişmələr və qüvvələr nisbətinin dəyişməsi prosesi davam edir. Rusiya Ukrayna müharibəsində Qərbin Moskvaya qarşı bir cəbhədə birləşməsini müşahidə edirik. Uzaq şərqdə Çin və Hindistanın da Rusiyanın tərəfdaşlıq etməkləri olduqları halda, nisbətən geri çəkildiklərini nəzərə almalıyıq. Çünki Çin ABŞ ilə üz-üzədir.
Çinin ən böyük ticari tərəfdaşı Amerikadır. Tutalım, Rusiyayla aralarında 100-150 milyard ticari dövriyyə mövcuddursa, Amerika ilə 1 trilyona yaxındır. Belə vəziyyətdə Çin Rusiyaya açıq -aşkar tərəfdar çıxmayacaq. Təhlükəli və maraqlı proseslər gedir.
Azərbaycan xalqı və dövləti olaraq proseslərdən az itki ilə çıxmağa çalışmalıyıq. Bizim birbaşa həll ediləsi problemimiz Ermənistan və ən əsası Rusiyayladır".