“Cəmiyyətin "namus cinayəti" adlandırdığı cinayət növü var”
“Toplum cinayətkara qəhrəmanlıq statusu verir”
Son zamanlar yeniyetmələr və azyaşlılar arasında müşahidə edilən cinayət hadisələri faciədir. Xüsusi sosial təhsil layihələri işlənməlidir
"Cinayətkarlıq bütün dünya ölkələrində var. İnkişaf etmiş ölkələrdə də cinayət hadisələri yaşanır. Lakin cinayətkarlığı təşviq edən səbəbləri aradan qaldırmaq üçün sosial layihələr tərtib olunur".
Bunu "Sherg.az"a açıqlamasında sosioloq Sahib Altay deyib.
O bildirib ki, nəzəri hüquqlar modern dünya düşüncəsinə uyğun prinsiplər olsa da, toplumsal düşüncəmizlə üst-üstə düşmür:
" Qadınlara heç bir mübarizə aparmadan 104 il öncə hüquq verilib. Lakin hüququn arxasında düşüncə olmayıb. Ona görə də hazırda Azərbaycan məişət həyatında qadınının hüququ pozulur. Təhsil, mental səbəblərdən dolayı təfəkkür olaraq hüquqla yaşamağı öyrənməmişik.
Cəmiyyətin "namus cinayəti" adlandırdığı cinayət növü var. Toplum cinayətkara qəhrəmanlıq statusu verir.
İnkişaf tendensiyasının başlıca meyarı hüquqdur. Hüquqi düşüncə olmadığı təqdirdə Azərbaycan kimi ölkələrin bir bədbəxt tərəf var ki, cinayətkara qəhrəman adı qoyulur. Ümumiyyətlə, belə halların yaşanmaması üçün toplum hüquqi düşüncəyə sahib olmalıdır".
Sosioloqun qənaətincə, Azərbaycanda müasir dövrdə analitik təhsil güclü olmadığı üçün yazılmamış qanunlar hələ də qüvvədədir:
"Sovet dönəmində dəb halını almış "Pristupniy mir" adlı ideologiya yaranmışdı. Türmə qəhrəmanları və onlara pərəstiş. Cinayətkərlar haqqında yazılan kitablar da yüksək tirajla satılır. Onlarla bağlı videolara milyonlarla baxış gəlir. Səbəb isə sadədir. Hüquq ciddi anlayışdır.
Amma kütlə ciddiliyə maraq göstərmir. İnsan anarxizmə meyllidir. Hüququ sosial nizamı tənzimləməkdən ötrü sonradan ərsəyə gətirmişik. Nəticədə belə düşüncə formalaşıb. Güclü təhsil sistemi yoxdur. Ona görə problemi aradan qaldıra bilməmişik.
Son zamanlar yeniyetmələr və azyaşlılar arasında müşahidə edilən cinayət hadisələri faciədir. Xüsusi sosial təhsil layihələri işlənməlidir. İnkişaf etmiş ölkələrdə sosial təhsil layihələri ya dövlət, ya da Qeyri-Hökumət Təşkilatları hesabına gerçəkləşir. Orta məktəblərlə, universitetlərlə əlaqələr qurulur. Elm adamları, sosial tədqiqat mərkəzləri layihələri dövlətə təqdim edir, sonra isə həyata keçirilir. Lakin bizdə belə işlər görülmür. İnsanlar hüquqi təfəkkürün nə olduğundan xəbərsizdir".
Qeyd edək ki, noyabrın 26-da “Arifoğlu” cüdo klubunun Şağan Olimpiya İdman Kompleksində təşkil etdiyi cüdo turnirində qətl hadisəsi baş verib. Sumqayıt şəhər sakini Ruslan Səfixanov şəxsi münaqişə zəminində Tural Rüstəmovu bıçaqlayaraq qətlə yetirib. Yaşanan hadisə sosial şəbəkə istidafəçiləri arasında ciddi müzakirələrə yol açıb.
Noyabrın 9-da isə tanınmış meyxanaçı Rəşad Dağlı Qaradağ rayonu Lökbatan qəsəbəsində mübahisə zəminində qonşusu İsgəndər adlı şəxsi bıçaqlayaraq öldürüb. Sosial şəbəkə istifadəçiləri, həmçinin bir çox tanınmışlar Rəşad Dağlıya dəstək paylaşımları edib. Bir qisim istifadəçi isə qətl hadisəsini qınayıb.