Yaxın günlərdə ABŞ-nin dövlət katibi Antoni Blinkenlə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında telefon danışığı baş tuta bilər. Bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays brifinq zamanı deyib. O qeyd edib ki, A.Blinken Ermənistan və Azərbaycandan olan həmkarlarının rəhbərlərini bir araya gətirməklə, onlarla müntəzəm söhbət etməklə Azərbaycan-Ermənistan məsələsinə verdiyi öz şəxsi töhfəsini nümayiş etdirir. “Düşünürəm ki, yaxın günlərdə onun Ermənistan və Azərbaycandakı həmkarları ilə yenidən telefonla danışmaq imkanı olacaq”, - deyə Prays bildirib.
ABŞ-nin Azərbaycanla artan təmasını "Sherg.az"a dəyərləndirən siyasi şərhçi Turab Rzayev bildirib ki, Amerika Rusiyanın regionda yenidən güclənməsini istəmir:
"ABŞ dəfələrlə Rusiyanın Qafqazda, keçmiş MDB məkanında yeganə qərarverici olmasını qəbul etmir.
Mart ayından bəri dəfələrlə ABŞ rəhbərliyi səviyyəsində Azərbaycanla görüşlər keçirilib, əlaqə saxlanılıb. Ermənistana da ABŞ-nin, Böyük Britaniyanın kəşfiyyat idarəsi rəhbərlərinin səfəri olub. ABŞ və Böyük Britaniya regionda Rusiyanı sıxışdırıb çıxartmaq istəyirlər. Amerika Qarabağ mövzusunda Avropa İttifaqının mövqeyini dəstəkləyir, birbaşa müdaxilə etməməyə çalışır. Əgər prosesdə kifayət qədər gecikmələr baş verərsə, Rusiya bölgədə gücünü artırmaq üçün səy göstərərsə, rəsmi Vaşinqton da aktiv şəkildə Cənubi Qafqazdakı proseslərə daxil olacaq".