"Heydər Əliyev Azərbaycan dövlətçilik tarixinin xüsusi bir mərhələsini yaratmış böyük, tarixi şəxsiyyətdir".
Bu fikirləri "Sherg.az"a millət vəkili Hikmət Babaoğlu deyib. Onun sözlərinə görə, ölkəmizə rəhbərlik etdiyi dövr Azərbaycanın inkişaf epoxasıdır:
"Heydər Əliyev Azərbaycanda milli özünüdərkin inkişafında xüsusi xidmətlər göstərib. Dilimiz, mədəniyyətimiz və incəsənətimizin təbliğinə, inkişafına mühüm töhfələr verib.
H.Əliyev ölkədə sənaye quruculuğu prosesini başladıb. Azərbaycanın aqrar ölkədən inkişaf etmiş, sənayeləşmiş bir dövlətə çevrilməsini təmin edib. Bakı şəhərinin milliləşməsi hələ sovet dövründə çox aktual idi:
“Məhz bu zamanda əmək qüvvəsi kimi rayonlarımızdan gənclərin Bakıya cəlb etməsinə şərait yaradıb. Bakının Azərbaycanlaşması üçün böyük işlər görüb. Ulu Öndər şübhəsiz ki müstəqil Azərbaycanın qurucusu, memarıdır. Dövlətimizi vətəndaş qarşıdurmasından xilas edən, onu inkişaf yoluna çıxaran, xarici siyasət strategiyasını müəyyənləşdirən, Azərbaycanın milli konstitusiyasını qəbul olunması üçün böyük xidmətlər göstərən, ölkədə hüquqi dövlətin əsaslarını yaradan bir siyasətçidir.
Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və rolu müstəqilliyimizin ilk illərində məhz ümummilli liderimizin həyata keçirdiyi böyük iqtisadi layihələrlə müəyyənləşib. Sözügedən layihələr dövlətimizə həm iqtisadi, həm də siyasi müstəqillik qazandırıb. H.Əliyev həmçinin ölkədə vətəndaş müharibəsinin qarşısını alıb. Milli birliyin və həmrəyliyin simvoluna çevrilib. Onun cızdığı strateji yol Azərbaycanı 2020-ci il tarixi Zəfərinə qovuşdurub. Ərazi bütövlüyümüzün bərpası, güclü ordu, inkişaf edən ölkəmizdən danışa bilməyimizin kökündə Heydər Əliyevin müdrik siyasəti dayanır. 2023-cü ilin "Heydər Əliyev ili" seçilməsi Azərbaycanın milli dövlətçilik yaddaşının öyrənilməsi, eləcə də, tarixi zəfər kontekstində Heydər Əliyev məktəbinin əsasında gələcəyə yeni strateji baxışımızın müəyyənləşdirilməsi deməkdir".
Qeyd edək ki, Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Sərəncam imzalayıb. 2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur.