Zahid Oruc dövlət qurumlarını tənqid edib

"Qaynar xətt"i olsa da, heç dəstəyi qaldırmaq istəmirlər

  Milli Məclisin İnsan hüquqları komitəsinin dünənki iclasında komitə sədri Zahid Oruc dövlət qurumlarını tənqid edib. Komitə sədri bildirib ki, qurumların "qaynar xətt"i var, amma dəstəyi qaldırmaq istəmirlər: "Elə qurumlar var ki, "qaynar xətt"i olsa da, heç dəstəyi qaldırmaq istəmir”. Z.Oruc deyib ki, onlar nəinki şikayətə baxmaq, heç telefona cavab vermək istəmirlər: “Amma hamısı deyir “Tvitter”dən, “Linkedin”dən müraciət edin. Bəs o telefon nə üçündür?”. 

"Bir mənzili 3-4 şəxsə satmasına görə nə qədər adam həbs edilib, vətəndaşa xeyri yoxdur"

  Millət vəkili Zahid Oruc digər məsələlərdən də danışıb. Bildirib ki, yeni tikinti konsepsiyalarının tətbiqində hamı maraqlıdır. Çünki əmlak məsələlərində problemlər var: “Hər hansı tikinti şirkətinin bir mənzili 3-4 şəxsə satmasına görə nə qədər adam həbs edilib. Amma bunun vətəndaşa heç bir xeyri yoxdur, onlar illərlə verdiyi vəsaiti geri qaytarmağa çalışırlar. Qəbul etdiyimiz qanunla tikintinin təməli qoyulan anda alqı-satqı daşınmaz əmlakın dövlət reyestrində qanuniləşdirilməlidir. Amma bunu yada salan yoxdur. Çünki bu, sərf eləmir. Vətəndaşın əmlaka dair hüquqları mövzusunda dinləmə təklifini təqdir edirəm. Sovet dövründə tikilmiş mənzil fondunun böyük hissəsi yenilənsə də, dediyimiz problem də var. 400 mindən artıq rəsmiləşdirilməmiş ev, daşınmaz əmlakdan danışırıq. Bu problemdən ən çox vətəndaş əziyyət çəkir, qeydiyyata düşə bilmir. Qeydə alınmamış ünvanda uşaqlar dünyaya gəlir, əsgərliyə gedir. Bu mənzillərin satışında da problemlər yaşanır. Bu sessiyanın iş planına əmlak problemləri ilə bağlı dinləməni daxil edəcəyik. Bunu Milli Məclisin sədri Sahibə Qafarovayla da danışacam”.

"19 aydan çox istintaq təcridxanasında saxlanılan vətəndaşlarımız var"

  Zahid Oruc bildirib ki, 19 aydan çox istintaq təcridxanasında saxlanılan vətəndaşlarımız var. Bu, vətəndaşın hüququnun pozulmasıdır: Vətəndaş hüquqlarını bilmir. Ona görə də cinayət qanunvericiliyinin mövcud vəziyyəti ilə bağlı dinləmə keçirəcəyik. Məsələn, 19 ay sonra o vətəndaşın günahsızlığı sübut olunsa, deməli, qanunsuz yerə təcridxanada qalıb”.