“Bayrağını tanımayan insan necə məmur ola bilər?!”
“Bu mənada ana dilimizə, əlifbamıza münasibət tamamilə dəyişməlidir"
“Sabiq xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan dilində yaxşı danışa bilmir”.
Bunu "Sherg.az"a filoloq-alim, professor Firudin Cəlilov deyib. Onun sözlərinə görə, E. Məmmədyarov fəaliyyəti dövründə işə daha çox rusdilli əməkdaşları cəlb edib:
“Azərbaycan şairi Bəxtiyar Vahabzadənin oğlu İsfəndiyar Vahabzadə həmişə haqlı olaraq, həmin insanları tənqid edir. Diplomatlar öz dilini, tarixini bilməlidirlər. Amma indi dilimizin qayda-qanunlarına bələd olan gənclər də çoxdur".
Professorun qənaətincə, dövlət qulluğuna qəbul zamanı mütləq Azərbaycan dilindən imtahan verilməlidir:
"Hansı qurumda işləməsindən asılı olmayaraq, dövlət işçiləri bu dili bilməlidirlər. Madam ki, dövlət qulluqçusudur, o zaman dil bilgisi olmalıdır. Çünki dil dövlətin mühüm atributlarından biridir. Təsəvvür edin, Azərbaycan bayrağını tanımayan adamı bir strukturda vəzifəyə təyin edirlər. Bayrağını tanımayan insan necə məmur ola bilər?! Bu mənada ana dilimizə, əlifbamıza münasibət tamamilə dəyişməlidir".
Qeyd edək ki, Milli Məclisin Mədəniyyət komitəsinin üzvü Nizami Cəfərov Qeyri-maddi mədəni irsin qorunması haqqında” qanun layihəsinin müzakirəsində iştirak edib. O bildirib ki, Xarici İşlər Nazirliyində Azərbaycan dilini bilən yoxdur.