“Bu cür bakteriyalı kartoflar Azərbaycana buraxılmamalıdır”

“Çünki kənd təsərrüfatı infrastrukturunda ciddi problemlər yarada bilər” 


"Kartof məhsulunda karantin tətbiq edilən orqanizm vaxtaşırı müəyyən olunur. Bu, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) çox mühüm cəhətlərindən biridir".
Bunu "Sherg.az"a Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov deyib. Onun sözlərinə görə, məlum bakteriyaların insan üçün heç bir zərəri yoxdur:

"Lakin kartof təsərrüfatı, əkinçiliyi üçün çox ciddi problemlər yarada bilər. Ona görə də AQTA partiya mallarının qarşısını alır. Əlbəttə, adıçəkilən Agentlik belə bakteriyaların qarşısını almaq üçün beynəlxalq təşkilatların tövsiyələrini əsas tutur.
 Təəssüf ki, bu məhsullar Azərbaycana gələndən sonra müəyyən edilir. Əslində böyük bizneslə məşğul olan insanlar öncədən həmin ixrac edən müəssisələrə gedib, monitorinqlər keçirir, mütəxəssislər cəlb edirlər.

 İcazələr aldıqdan sonra məhsulları ölkəyə gətirirlər. Belə bakteriyalı mallar Azərbaycana buraxılmamalıdır. Çünki kənd təsərrüfatı infrastrukturunda ciddi problemlər yarada bilər. 

Yeni Zelandiya kimi ölkələr ətraf mühiti yüksək səviyyədə qoruyurlar. Bakteriyalara qarşı ciddi mübarizə aparırlar. Xalq əl-ələ verir. İctimai nəzarət mexanizmi mövcuddur. Yaxşı olar ki, Azərbaycanda da belə bir metod tətbiq edilsin". 

Qeyd edək ki, ərzaqlıq kartof məhsulunda karantin tətbiq edilən orqanizm aşkar olunub. Bu barədə Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat verib.