"İranın Azərbaycandakı səfirliyinin yerləşdiyi küçənin adının dəyişdirilməsi yaxşı təklifdir".
Bunu "Sherg.az"a AMEA-nın aparıcı elmi işçisi, fəlsəfə doktoru Faiq Ələkbərli deyib.
Onun qənaətincə, bu addımı çoxdan atmaq lazım idi:
"Güney azərbaycanlı böyük mütəfəkkirlərimiz, dövlət xadimlərimizin adına küçələr onsuz da var. Lakin sayını artırmalıyıq. Bu baxımdan səfirliyin yerləşdiyi küçənin Bünyad Sərdarov olan adının dəyişdirilib, əvəzinə Seyid Cəfər Pişəvəri qoyulmasını daha məqsədəuyğun hesab edirəm. Əlbəttə, Səttarxan, Xiyabani və digər böyük şəxsiyyətlərimizin də adları əbədiləşdirilməlidir.
Lakin S.C.Pişəvəri Azərbaycan Milli Hökumətinə rəhbərlik edib. Azərbaycanımızın güneyi də öz müstəqilliyinə qovuşduqdan sonra digər buna uyğun adlar veriləcək. Amma hazırda ən məqbul variant Seyid Cəfər Pişəvəri adıdır".
Qeyd edək ki, İranın Azərbaycandakı səfirliyinin yerləşdiyi Bünyad Sərdarov küçəsinin adının dəyişdirilməsini təklif edirlər. Yeni ad üçün 3 variant irəli sürülüb: Səttarxan, Xiyabani və Pişəvəri.