Bir müddət öncə Qərbi Azərbaycan İcmasının Müşahidə Şurasının iclasında “Qayıdış Konsepsiyası” təsdiq edilib. İcmanın İdarə Heyətinin sədri Əziz Ələkbərli bildirib ki, “Qayıdış Konsepsiyası” əsas məramı indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların öz yurdlarına sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə qayıtmasını təmin etməkdir. Konsepsiya bu yöndə İcmanın həyata keçirəcəyi fəaliyyətin məqsədləri, prinsipləri, hazırlıq və icra tədbirləri üçün ümumi çərçivəni müəyyən edir. Sənəd beynəlxalq hüquqa, aidiyyəti dövlətdaxili hüquqa, tarixi faktlara əsaslanır. Sabiq təhsil naziri, professor Misir Mərdanov isə bildirdi ki, konsepsiyanın həyata keçirilməsi üşün xüsusi tədbirlər planı açıqlanacaq. İcmanın sədr müavini, deputat Ramil Həsənli isə Qərbi azərbaycanlıların siyahıyaalma prossesi barədə geniş məlumat verib.
Ramil Həsənli onu da vurğulayıb ki, soydaşlarımızın tarixi torpaqlarımıza köçürülmə prosesindən danışmaq hələ ki tezdir. Onun sözlərinə görə, bu məsələdə bir çox faktor başlıca rol oynayır. Məsələn, buna təkcə Azərbaycan deyil, Ermənistan da hazır olmalıdır. Bir sıra beynəlxalq güclərin də bu prosesə təsirini gözardı etmək olmaz. Ancaq hər şey qaydasında gedərsə, Qərbi azərbaycanlıların köçürülmə prosesi işğaldan azad olunan torpaqlara qayıdışla paralel aparıla bilər
Məsələni "Sherg.az"a dəyərləndirən tarixçi Akif İbrahimov bildirib ki, bütün Ermənistan ərazisi tarixən Azərbaycan torpaqları olub:
"Hələ Azərbaycan Xalq Cümhuriyyəti (AXC) dövründə vəziyyət gərgin idi. Bu səbəblə də onlar İrəvanı güzəştə getdi. Ermənistan isə dediyi heç bir sözə əməl etmədi. Ardınca sovet Rusiyasının əli ilə Dərələyəz, Şərur, Qarabağ və başqa ərazilər ermənilərə verildi. 1929-1931-ci illərdə yenidən Zəngəzur, Naxçıvan və və Ordubad Ermənistana təhkim edildi. Bundan sonra isə 1948-1953 cü illərdə Azərbaycanlıların öz ata yurdlarından köçürülməsinə başlanıldı. Bu məcburi köçürmə 1988-1991 ci ildə Qarabağ hadisələri ilə yekunlaşdı”.
Qərbi Azərbaycana qayıdışa gəlincə, A.İbrahimov diqqətə çatdırıb ki, biz İkinci Qarabağ savaşında prezident İlham Əliyevin apardığı “Dəmir yumruq” siyasətinin hər şeyi həll etdiyini gördük:
“Yəni öz gücümüzü göstərdik. Ümumiyyətlə, gələcək “tramplin”ləri keçdikdən və daha güclü olduqdan sonra bu söhbətləri edə bilərik".