“Azərbaycanlılar tarix boyunca öz yaşadıqları coğrafiyalardan haqsız şəkildə deportasiya ediliblər”.
Bunu "Sherg.az"a açıqlamasında millət vəkili Nizami Cəfərov Qərbi Azərbaycan İcmasının beynəlxalq ictimaiyyətə müraciətini dəyərləndirərkən deyib.
O bildirib ki, icmanın müraciətinin BMT tərəfindən rəsmi sənəd kimi qəbul edilməsi xalqımızın iradəsinin qələbəsidir:
"Bizi ərazi bütövlüyümüzə tarixi bir ziyan dəyib. Lakin millətimiz bunu heç vaxt unutmayaraq, mübarizə aparmağa davam edib. Düzdür, baş verənlər çox zaman xalqdan asılı olmayıb. Yəni Rusiya imperiyasının tərkibinə qatılmışıq və onlar Azərbaycana xəyanət edərək bizim torpaqlarda erməniləri yerləşdirib. Həmçinin Sovet dövründəki Stalin rejimi azərbaycanlıları əsrlərdir yaşadığı ərazilərdən qovub. Bu millətimizə qarşı, tərkibində olduğu dövlətin xəyanətdir. Proses bu günə qədər də davam etməkdə idi. Amma yenə də xalq öz iradəsini nümayiş etdirdi və bu gün Azərbaycan öz ərazilərini geri qaytarmaqla məşğuldur".
Parlamentarinin sözlərinə görə bu həm də dünya azərbaycanlılarının lideri, Prezident ilham Əliyevin qələbəsidir:
"Çünki o sistemli şəkildə, Azərbaycan xalqının iradəsini və beynəlxalq münasibətləri nəzərə alaraq, belə bir rəsmi sənədin qəbulunu təmin etdi. Yəni Qərbi Azərbaycan İcmasının geniş fəaliyyətinə şərait yaratdı. Bu isə öz tarixi rolunu oynayacaq".
Deputat qeyd edib ki, bu sənədin qəbulunu bizim heç vaxt ümidimizi itirmədiyimiz beynəlxalq hüququn zəfəri kimi də qəbul etmək lazımdır:
"Düzdür, beynəlxalq hüquqa inamımız dəfələrlə sarsılıb. Amma yenə də biz ümid edirik ki, BMT və onun qaçqınlarla əlaqədar olan komissarlığı bu işlərdə Qərbi Azərbaycanlılara kömək edərək, onların ata-baba yurdlarına qayıtmalarına şərait yaradacaq".
Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) katibliyi Qərbi Azərbaycan İcmasının beynəlxalq ictimaiyyətə müraciətini BMT Təhlükəsizlik Şurasının, Baş Assambleyasının və İqtisadi və Sosial Şurasının rəsmi sənədi kimi yayıb.