“Cəmiyyət mollakratiyanı yaxın zamanlarda "süpürüb", iqtidardan salmasa, İranın taleyi heç də yaxşı olmayacaq"
"İran adlanan bir ölkənin həm daxili, həm də xarici amillər baxımından çox ciddi problemləri var".
Bunu "Sherg.az"a "Yeni Müsavat" media qrupunun rəhbəri, tanınmış jurnalist Rauf Arifoğlu Tehranda gənclərin yenidən etiraza qalxması ilə bağlı danışarkən deyib. O bildirib ki, İran Azərbaycanla münasibətləri müharibə həddinə qədər gərginləşdirib:
"Artıq Azərbaycan tərəfinin İrandakı diplomatik fəaliyyəti dayandırılıb. Çünki səfirliyimizə hücum olub. Bizə qarşı terror hərəkəti həyata keçirilib. Şəhid verdik. Yaralılarımız var. Belə bir vəziyyətdə İranın daxilində də etirazlar səngimir. Tehran, İsfahan, ərəblərin, kürdlərin yaşadığı bölgələrdə üsyan qaynayır.
Cənub qonşumuz öz xalqı ilə hazırda savaş meydanındadır. İran İslam Respublikası adlanan ölkə Azərbaycana qarşı münasibətini çox sərtləşdirib. Eyni zamanda da analoji münasibət cənub qonşuluğumuzda yaşayan azərbaycanlılara yönəlikdir.
Rəsmi Tehranın hazırki daxili problemlərindən biri də zəlzələ nəticəsində minlərlə insanın evsiz-eşiksiz qalması və zərər çəkməsidir. Onların də çoxu Xoy şəhərində yaşayan azərbaycanlılardır".
R.Arifoğlunun qənaətincə, heç bir sosial dayağı olmayan bir rejim sağa-sola hücum edir:
"Həmçinin çox güclü, qüdrətli dünya güclərinə qarşı dirəniş göstərməyə çalışır. Həm Amerika, həm də İsrailin xəritədən silinəcəyi ilə bağlı hakim doktrini təkrar edir. Bu doktrin əsasında mitinqlər təşkil olunur, siyasət həyata keçirilir, terror planı qurulur. Qüds, Suriya, İraq, Livanda olan İran təmayüllü terror hadisələri bu ölkənin qara siyahıya salınmasına və terrora dəstək verən dövlət kimi təsbit edilməsinə səbəb olub".
Baş yazar vurğulayıb ki, İranda 40 milyon soydaşımız yaşayır və yerdə qalanların da çoxu müsəlman dininə görə qardaşlarımız sayılır:
"Ona görə də əlbəttə, Azərbaycan qonşuluğunda belə bir fəlakətin olmağını istəməz. Amma rəsmi Tehran öz siyasəti ilə özünü çıxılmaz vəziyyətə salıb. İran özünü "İran" eləmək ərəfəsindədir. Daxildə ictimai dayaqlar yoxdur. Qonşularla münasibətləri çox pisdir. İndiki zamanda İranın dünyada bir dənə də olsun, müsəlman dostu yoxdur. Hamısı qeyri-müsəlman ölkələrdir. Onların sırasında birinci yerdə Ermənistan dayanır.
Rəsmi İrəvan Azərbaycanla düşmən olmasına baxmayaraq, İranla qardaşdır. İkinci sırada isə Hindistandır. Kəşmir problemində də İran Pakistanın yox, Hindistanın mövqeyini müdafiə edir. Eynilə Qarabağ məsələsində hər zaman Ermənistanın yanında olduğu kimi, Kəşmir münaqişəsində də bunu görə bilirik. Bütün sadalananlar İranın iç üzü, mahiyyəti və anti-islam xislətidir. Belə bir vəziyyətdə əminliklə demək olar ki, bu cür yaramaz, dünyaya, qonşularına problem olan bir rejimin sonu yaxınlaşır. Cəmiyyət mollakratiyanı yaxın zamanlarda "süpürüb", iqtidardan salmasa, İranın taleyi heç də yaxşı olmayacaq".
Qeyd edək ki, ötən gecə İranda gənclər yenidən etiraza qalxıblar. Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.
Bildirilib ki, Tehranda molla rejimindən narazı gənclər antihökumət şüarları səsləndiriblər.