"DİN əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanılan şəxslər haqqında müvafiq ölçü götürüləcək".
Bunu "Sherg.az"a millət vəkili Arzu Nağıyev Azərbaycanda “din pərdəsi” altında təxribat həyata keçirən 39 nəfərin saxlanılamasına münasibət bildirərkən deyib. O diqqətə çatdırıb ki, həmin şəxslər həm sosial şəbəkələr, həm də Kütləvi İnformasiya Vasitələrindən istifadə edərək, məhz İranın tapşırıqlarını yerinə yetiriblər:
"İran casusları Azərbaycan Respublikası Konstitusiyasının qanunlarını pozublar. Yəni dövlət və dövlətçiliyə təhdidlə məşğuldurlar. Belə halların qarşısını almaq üçün müvafiq araşdırmalar aparılır. Daha əvvəl də Dövlət Təhlükəsizliyi Xidməti İran xüsusi xidmət orqanlarının yaratdığı casus şəbəkəsini ifşa edib. Mövcud proses indiyə qədər davam edib, bundan sonra da belə olacaq. Bu, təkcə Tehranda səfirliyimizə hücumla əlaqəli deyil, ümumi fəaliyyətdir. Məlum proseslərin əsas məqsədi dövlət və dövlətçiliyə qarşı edilən təhdidləri zərərsizləşdirməkdir. Eyni zamanda İran casus şəbəkəsinin Azərbaycanda ləğv edilməsi, pozuculuq fəaliyyətinin qarşısının alınmasından ibarətdir".
Qeyd edək ki, ötən gün Daxili İşlər Nazirliyinin əməkdaşları Neftçala rayonunda əməliyyat keçirib. Xüsusi əməliyyat tədbirləri nəticəsində Azərbaycanda “din pərdəsi” altında təxribat və pozuculuq əməllərini həyata keçirən 39 nəfər müəyyən edilərək saxlanılıb. Özlərini dindar kimi qələmə verən həmin şəxslər sosial şəbəkələr üzərindən İran lehinə təbliğatlar apararaq ölkəmizdəki dini etiqad azadlığından sui-istifadə edərək Azərbaycanda formalaşmış tolerantlıq ənənələrinə xələl gətirmək üçün İran xüsusi xidmət orqanlarının tapşırıqlarını yerinə yetiriblər.