Naxçıvan DİM-də nələr baş verir? – “İmtahandan kəsilənlərin “dərisi soyulur”

"Naxçıvan Dövlət İmtahan Mərkəzində hüquq-mühafizə orqanlarının yoxlamalar aparması olduqca normaldır. Hətta deyərdim ki, xeyli gecikmiş addımdır”.

Bunu "Sherg.az"a tanınmış jurnalist, "Ovqat.com” saytının baş redaktoru Heydər Oğuz deyib. Onun sözlərinə görə, bu qurumun niyyəti məmurların savad səviyyəsini müəyyənləşdirmək olmayıb:

"Məqsəd kimlərisə işdən çıxarmaq və yerinə başqa birisindən rüşvət alaraq, boşalan vəzifəyə təyin etməkdir. Yaxud da imtahandan kəsilən məmurun “dərisini soymaqla” yerində saxlamağa çalışıb. Mənə bir jurnalist kimi, bu istiqamətdə xeyli şikayətlər edilib".

Jurnalist həmin şikayətləri araşdıraraq, belə bir qənaətə gəlib:

"Naxçıvan Muxtar Respublikanın Baş naziri Səbuhi Məmmədovla DİM rəhbəri İsmayıl Qəribli əl-ələ verərək, rüşvət mexanizmi yaratmağa xidmət edib. Üstəlik, Naxçıvan ölkəmizin tərkib hissəsidirsə və vahid mərkəzdən kadr seçimi aparan, bunun üçün sertifikasiya imtahanları keçirən Azərbaycan DİM varsa, ona paralel dövlət qurumu yaratmağın anlamı nədir?! Bu arabanın 5-ci təkərinə bənzəmirmi?! 

Adətən, bizim kimi ölkələrdə arabanın 5-ci təkərləri rüşvət yığmaq üçün nəzərdə tutulur. Naxçıvan "xan"ının 27 illik fironluğunun korrupsiyaya əsaslandığını nəzərə alsaq, bu cür paralel qurumların ən yaxşı halda bürokratik süründürməçilik yaratmağa, ən pis halda isə separatçı məqsədlərə xidmət etdiyi bəllidir. Hər iki hal dövləti cinayətdir. Azərbaycan hakimiyyəti bunun qarşısını almalıdır".

Qeyd edək ki, hüquq-mühafizə orqanları Naxçıvan Dövlət İmtahan Mərkəzində (DİM) yoxlamalar keçirir. Yoxlamaların səbəbinin 2022-ci ilin dekabr ayında müəllimlərin işə qəbulu ilə bağlı keçirilən imtahan suallarının satılması iddiası barədə olduğu bildirilir. Məlumatı Naxçıvan DİM-in mətbuat katibi Məmməd Babayev təsdiq edib.