Deputat:“Heydər Əliyevin qarşısında quruyub qaldım”


“Mənə deyilmişdi ki, çıxış edəndə çalış gözünü çox da qaldırma. Lakin mən bir anlığına gözlərimi qaldırdım”

"Ulu öndər barəsində günlərlə, hətta aylarla danışmaq olar. Allaha təşəkkür edirəm ki, mən Heydər Əliyevin vaxtında fəaliyyətə başlamışam".
Bunu "Sherg.az"a millət vəkili Rüfət Quliyev Heydər Əliyevlə bağlı xatirələrini bölüşərkən deyib.
O bildirib ki, Ulu öndərin 20-ci əsrdə dünyada ən çox tanınmış siyasi liderlərdən biridir:

"Heydər Əliyev siyasi arenada  ABŞ-da Ruzvelt, İngiltərədə Çörçel, Fransada Şarl De Qoll kimi məşhur bir insandır.  20-ci əsrin sonu 21-ci əsrin əvvəlində dünyada və türk aləmində Heydər Əliyevin təfəkkürü ən məşhur siyasi məntiqlərdən biri olub. Hələ 1993-cü ildə Azərbaycan artıq siyasi xəritədən silinən bir ölkə idi. Bunun şahidi olmuşam. Bədnam qonşularımız və daxildəki separatçılar Azərbaycanı parçalamağa çalışırdılar. Bunun qarşısını isə ümumilli liderimiz aldı. Təsəvvür edin ki, 1969-cu ildə Ulu öndər Azərbaycan Mərkəzi Komitəsinin birinci katibi seçildi və onun səyləri nəticəsində 1971-ci ildə ölkəmizdə yeni proqram yaradıldı. Azərbaycan 15 respublika arasında sovetin ən aparıcı ali məktəblərinə gənclər göndərən yeganə dövlət idi. Bunlar Moskva, Kiyev, Leninqrad, Rostov və Xarkov kimi bir sıra aparıcı universitetlərdir. 1981-ci ildə Ulu öndər bizi indiki Heydər Əliyev sarayında topladı və xeyir dua verdi. Həmçinin bir köynək, qalstuk, çanta və 30 manat da pul hədiyyə edildi. Təxminən 1971-ci ildə 70-80 nəfər adam oxumağa göndərildi və 1981-ci ildə bu rəqəm 1150-1200 yüksəldildi.  Elə həmin zamanlarda Heydər Əliyev Azərbaycanın gələcəyini fikirləşərək, mütəxəssislərin təməlinin qoyulması üçün işlər aparırdı.  Biz təhsil alandan sonra ölkəyə qayıdırdıq və burada da işlə təmin olunurduq. Bunlar mənim hafizəmdə ömürlük qalıb".

Parlamentarinin sözlərinə görə, Ulu öndərlə ikinci görüşü də Heydər Əliyev sarayında baş tutub:

"Artıq 1990-cı illərin axırı idi və Cənab Prezident məzunları yığıb, onlarla söhbət apardı. Səhv etmirəmsə, onun çıxışına 6-7 dəqiqə əl çaldıq. Heç yadımdan çıxmaz 1982-ci ildə Heydər Əliyev SSRİ-nin Nazirlər Kabinetinin sədrinin birinci müavini təyin ediləndə, mən də Kiyevdən azərbaycanlıların adından ona təbrik teleqramı vurdum. Artıq 2000-ci il fevralın birində mən şirkətlərdən birinin idarə heyətinin sədri təyin edildim və Ulu öndər həmin şirkətin açılışı üçün Keşləyə gəldi. Mən də onun qabağında çıxış etdim və bir çox məqamları açıqladım. Yəni həmin gün mən Heydər Əliyevin qarşısında 23 dəqiqə çıxış etdim və bir anlığına özümü itirdim. Mənə deyilmişdi ki, çıxış edəndə çalış gözünü çox da qaldırma. Lakin mən bir anlığına gözlərimi qaldırdım və Heydər Əliyevin zəhmi qarşısında özümü itirdim. Hardasa iki dəqiqəyə yaxın quruyub qaldım və çıxış edə bilmədim. Amma onun çox karizmatik təbəssümü var idi. O gülümsədikdən sonra mən özümə gələrək çıxışa davam etdim. Ümumiyyətlə  Heydər Əliyev təkcə Azərbaycanda yaşayanların yox, dünyada olan 50 milyondan çox azərbaycanlının xilaskarı olub. Düşünürəm ki, bundan sonra 100 illər də keçsə də, onun siyasi xətti, məntiqi, təfəkkürü örnək kimi qalacaq və gələcək nəsillərə çatdırılacaq”.