Dövlət Sərhəd Xidmətinin bölmələrinin Laçın-Xankəndi yolunun başlanğıcında qurduğu sərhəd-buraxılış məntəqəsindən tam şəkildə fəaliyyətinin ilk görüntüləri yayılıb.
Bu barədə Baku TV paylaşıb.
Kadrlardan da göründüyü kimi, vətəndaşların sərhədi keçməsi mütəşəkkil və nizam-intizamla, qarşılıqlı nəzakət mühitində baş verir.
Azərbaycan sərhədçiləri yüksək peşəkarlıq nümayiş etdirirlər.
Hadisəni "Sherg.az"a dəyərləndirən Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli bildirib ki, ölkədə tez-tez trendlər dəyişir və ya dəyişdirilir:
"Azərbaycan cəmiyyəti hər zaman süni şəkildə göstərilən hədəflərə yönləndirilir. Yəni rəmzi olaraq bu gün Şuşa azad edildisə, artıq başqa şeyi tələb edirlər. Mənə elə gəlir ki, bu psixoloji olaraq maksimalist düşüncədən qaynaqlanır. Ümumiyyətlə Vətən müharibəsi bizim toplumun gözləntilərini ən maksimum həddə qaldırmasına səbəb oldu. Bu baxımdan da bizim toplum istəyir ki, Azərbaycan bayrağı bu dəqiqə Göyçəyə, Zəngəzura asılsın və Ermənistan xəritədən silinsin. Bu belə olmur. Çünki siyasət səbr işidir və onun qanunauyğunluğu zamanın trayektoriyasına əsasən dəyişməsidir. Laçın-Şuşa yolunda nəzarət buraxılış məntəqəsinin qurulması da buna bir misaldır".
Ekspert qeyd edib ki, məntəqə qurulanda bunu humanitar fəlakət adlandıranlar da çox oldu:
"Bilirsiniz, ABŞ-dən zəng edildi, fransalı nazir səfərə gəldi. Yəni bu cür yanaşmalar çox oldu. Lakin heç biri Azərbaycanın qərarlarına mane olmaq baxımından rol oynaya bilməz”.
İlk erməni dəstəsinin keçməsinə toxunan ekspert diqqətə çatdırıb ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin təmin olunduğu bölgədən keçən hər bir şəxs, öz kimliyi barəsində hesabat verməlidir:
“Bu həm də Xankəndinin Azərbaycan respublikasının ərazisi olduğu faktını bir daha təsdiqlədi. Həmçinin bu özündə iki prosesi ehtiva edir. Birincisi Azərbaycanın ərazi bütövlüyünün tam təmin olunmasıdır. İkincisi isə antiterror əməliyyatlarına yol açdı".