ABŞ-nin Azərbaycana təklifi Rusiyanı əndişəyə salıb – AKTUAL 

“Qarabağla bağlı vəziyyətin həlli üçün Rusiya, Azərbaycan və Ermənistan liderlərinin imzaladıqları üçtərəfli bəyanatların alternativi yoxdur”.
Bunu Kremlin sözçüsü Dmitri Peskov mayın 2-də jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, problemlərin həlli və gərginliyin azaldılması ancaq üçtərəfli sənədlər əsasında mümkündür: “Əlbəttə, gərginliyin azaldılmasına töhfə verəcək istənilən addım alqışlanmalıdır, amma üçtərəfli sazişin alternativi yoxdur”.

Peskovun açıqlamasını "Sherg.az"a dəyərləndirən hərbi-siyasi ekspert Həşim Səhrablı söyləyib ki, Qarabağ probleminin yaradıcısı və idarəedicisi Moskvadır:

"Hələ 1922-ci ildə Qarabağ Muxtar vilayətinin yaradılması ilə Rusiya bu problemin əsasını qoydu. Ondan sonrakı proseslərdə isə ortalığı qatmağa davam etdi. Düzdür o vaxtı bu SSRİ adlı bir imperiya idi. Amma faktiki idarəçi rus sovinizmi və Kreml olub. Bu gün də Rusiyanın siyasət xəttində heçnə dəyişməyib. Onlar hələ də Qarabağ məsələsindən istifadə edərək Cənubi Qafqazda təsir gücünü qorumağa və dövlət maraqlarını təmin etməyə çalışırlar. Paraleldə ABŞ-ın atdığı addımlara baxdıqda isə görürük ki, Qərb dövlətləri hər nə qədər maraqlarını ön planda tutsalar da, Azərbaycanla istəkləri və ideyaları üst-üstə düşür. Çünki hər iki tərəf problemin sona çatmasını və tranzit yollarının açılmasını istəyir. Belə olduğu təqdirdə bölgədə gediş-gəliş və ticarət üçün canlanma yaranacaq. 

Düzdür Qərbin yanaşması Qarabağ məsələsi kimin xeyrinə olursa olsun başa çatsın formasındadır. Lakin Azərbaycan yenə də beynəlxalq hüququ ön planda tutaraq, öz suverenliyinin təmin edilməsinə çalışır. Artıq biz Qərbdə də buna qarşı fikirlər səsləndirildiyini görmürük. Halbuki 10-15 il əvvəl erməni sevdası qabarıq şəkildə göstərilirdi. Bu gün erməni lobbisinin təsiri ilə bu dəstək mövcud olsa da, əvvəlki səviyyədə effektiv deyil".

Ekspertin sözlərinə görə, bunları fərqində olan Moskva anlayır ki, Qərbin bu addımları uğurla nəticələnərsə, Rusiyanın bölgədə heç bir təsiri qalmayacaq:

"Yəni Azərbaycanın suverenliyi daxilində Qarabağ məsələsi başa çatdıqdan sonra sülhə nail olunarsa və iki dövlət arasında münasibətlər normallaşarsa, Rusiya manipulyasiya gücünü itirəcək. Hətta sülh prosesinin onun nəzarətindən kənarda baş tutduğu üçün, Rusiya Qərbə uduzacaq. Rusiya da bunu istəmir. Bu səbəblə də Moskva prioritet olaraq Azərbaycan, Ermənistan və Rusiya tərəfindən bağlanmış müqavilələri ön plana çıxarır. Çünki bu müqavilələr əsasında sülh bağlansa, hər şey Rusiyanın nəzarəti və istəkləri altında həllini tapacaq. Məsələlərin həllindən sonra isə Kreml yenidən, təsir vasitələrini qoruyub saxlamış olacaq. Azərbaycan isə Qərb və Rusiyanın təsirinə məruz qalmaq istəmir. 


Rəsmi Bakının əsas qayəsi problemin birdəfəlik başa çatmasıdır. Azərbaycanın bu marağına cavab verən alternativ isə ABŞ tərəfindən təklif edilir. Ona görə də Rusiya ciddi şəkildə narahatdır və prosesləri əngəlləyərək, öz diqtəsini yeritməyə çalışır".