“Prezident açıq şəkildə ifadə edib ki, bizi heç bir terrorla qorxutmaq olmaz və istənilən gücün qarşısında dura bilərik”
“İndi bizim İranla münasibətlərimiz heç vaxt olmadığı qədər aşağı səviyyədədir. Və bundan sonra necə olacağını proqnozlaşdırmaq çətindir: münasibətlər bu səviyyədə qalacaq, yoxsa daha da aşağı düşəcək”.
Bunu Prezident İlham Əliyev mayın 3-də Şuşada keçirilən “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfransda çıxışında deyib.
"Bu bizim seçimimiz deyil. Amma bütün İran elitası artıq anlamalıdır: Azərbaycanla təhdid və terror dili işləməyəcək. Bunu nə qədər tez başa düşsələr, bir o qədər yaxşıdır”, - deyə dövlət başçısı vurğulayıb.
Millət vəkili Fazil Mustafa da "Sherg.az"a açıqlamasında diqqətə çatdırıb ki, İran əzəli düşmənimiz Ermənistanı dəstəkləyir:
“Cənub qonşumuz açıq şəkildə sərhədlərimizdə təlimlər keçirmək, terror aktı törətmək və səfirliyimizə hücumla göstərməyə çalışır ki, mənim Azərbaycana qarşı münasibətim dəyişməz qalır. Prezident də açıq şəkildə ifadə edib ki, bizi heç bir terrorla qorxutmaq olmaz və istənilən gücün qarşısında dura bilərik.
Amma buna səbəbkar biz deyilik. Bu məsələnin açıq şəkildə dilə gətirilməsi isə ölkə başçısının siyasətdə nə qədər sərrast və prinsipial bir mövqe tutduğunu göstərir.
Çünki açıq tekstlə danışılmalıdır ki, ölkəmizin içi və kənarında İranın hərəkətlərinə haqq qazandırmaq istəyənlər, bu dövlətin Azərbaycana qarşı qərəzli və təhdideci addımları özünün seçdiyini anlasınlar. Azərbaycan da güclü bir dövlət kimi istənilən təhdidlərə cavab verməyə hazırdır".