Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva mayın 2-də Ağdam rayonuna səfər ediblər.
Dövlətimizin başçısı “Azərişıq” ASC-nin Ağdam şəhərində Rəqəmsal İdarəetmə Mərkəzi və Təlim-Tədris Kompleksinin təməlini qoyub.
Sonra Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Ağdam Muğam Mərkəzinin, Ağdam şəhərində salınacaq 2-ci və 3-cü yaşayış məhəllələrinin, Ağdam şəhərində inzibati binanın təməlini qoyublar.
Daha sonra dövlətimizin başçısı Bərdə-Ağdam dəmir yolu xəttinin tikintisi ilə tanış olub.
Həmçinin ölkə rəhbərinin bu gün Şuşaya səfəri olub. Prezident Şuşada keçirilən Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfransda iştirak edib.
Konfransda çıxış edən İlham Əliyev bildirib:
"Heydər Əliyevin ən böyük arzusu Şuşanı azad görmək idi. Biz onun bu arzusunu reallaşdırdıq. Biz bununla fəxr edirik, xoşbəxtik. Bütün azərbaycanlılar – təkcə Azərbaycan vətəndaşları deyil, bütün dünya azərbaycanlıları bizim Qəbələmizlə fəxr edirlər. Bu Qələbə ədalətin, tarixi ədalətin və beynəlxalq hüququn Zəfəridir”.
Ölkə başçısının səfərlərini "Sherg.az"a dəyərləndirən "Modern.az"ın baş redaktoru, Parlament Jurnalistlər birliyinin sədri Elşad Eyvazlı vurğulayıb ki, torpaqlarımızın işğaldan azad olunmasında müzəffər Ali Baş Komandanın rolu əvəzsizdir:
"Bu, gələcək nəsillər tərəfindən 50-100 il sonra qəbul olunacaq tarixdir. Eyni zamanda Prezidentin işğaldan azad edilmiş bölgələrə səfəri həm də, dünyanın və cəmiyyətimizin diqqətinin ora cəlb edilməsinə hesablanıb. Digər tərəfdən isə bu səfərlər ölkə rəhbərinin işğaldan azad edilmiş torpaqlara diqqətinin göstəricisidir".
Baş yazar əlavə edib ki, bu səfəri üç istiqamətdə dəyərləndirmək lazımdır:
"Birincisi, işğaldan azad olunmuş ərazilərin erməni təcavüzü nəticəsində dağıdılması dünyaya çatdırılır. İkincisi, torpaqlarından didərgin düşmüş insanlar yaxın zamanlarda öz torpaqlarına qayıdacaqlar və orada quruculuq işləri görülür. Cəmiyyət də buna hazırlanır. Üçüncüsü isə xarici amillə bağlıdır. Həmçinin cənab prezidentin işğaldan azad olunmuş bölgələrə şəxsən səfəri, həmin ərazilərdə vaxtilə yaşayan məcburi köçkün statusu bitmiş insanları da sevindirir. Ona görə də bu addım yalnız alqışalayiqdir".