Milli Ordumuz dövlətin əsas sütunlarından biridir

Baş nazirin məlum qərarı narkomaniya, narkotik maddə asılılığı olanların ordu sıralarına düşməməsi üçündür

  “Bu, ən vacib qərarlardan biridir və icrası dəqiqliklə aparılmalıdır”. Bu sözləri “Şərq”ə açıqlamasında hərbi ekspert Ədalət Verdiyev Baş nazir Əli Əsədovun imzaladığı qərarla bağlı söyləyib. Xatırladaq ki, Baş nazir Əli Əsədovun imzaladığı qərarla "Hərbi-həkim ekspertizası haqqında Əsasnaməyə" dəyişiklik edilib. Qərara əsasən, “Narkoloji xidmət və nəzarət haqqında” qanunun 24.4-cü maddəsinə uyğun olaraq müddətli həqiqi hərbi xidmətə çağırılan şəxslər çağırış dövründə qeydiyyatda olduqları dövlət tibb müəssisələri tərəfindən, bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olanlar bağlaşma imzalanmazdan əvvəl bağlaşma bağladıqları dövlət orqanlarının tibb müəssisələri tərəfindən, birbaşa kadr zabit heyətinə könüllü daxil olanlar həqiqi hərbi xidmətə daxil olmaları barədə əmr imzalanmazdan əvvəl kadr zabit heyətinə daxil olduqları dövlət orqanlarının tibb müəssisələri tərəfindən, həqiqi hərbi xidmət hərbi qulluqçuları isə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) ildə bir dəfədən az olmayaraq xidmət keçdikləri dövlət orqanlarının tibb müəssisələri tərəfindən icbari narkoloji müayinədən keçiriləcəklər. 

"Çağırışçıların, eləcə də hərbi qulluğa daxil olanların narkoloji müayinədən keçirilməsində məqsəd nədir və bunun nə kimi faydası olacaq", sualına cavabında ehtiyatda olan zabit Ədalət Verdiyev qeyd etdi ki, məlum qərar narkotik maddələrə bağlılığı, narkoticarətlə hər hansı əlaqəsi olmuş şəxslərin orduya düşməsinin qarşısını alacaq: 

- Bu, çox vacib qərardır. Bu məsələnin hüquqi əsasları ötən il hazırlanıb. Məlumdur ki, ölkənin güc strukturları, təhlükəsizlik orqanları narkomaniya ilə ciddi mübarizə aparır. Milli Ordumuz da dövlətin əsas sütunlarından biridir. Baş nazirin məlum qərarı narkomaniya, narkotik maddə asılılığı olanların ordu sıralarına düşməməsi üçündür. 

Çağırışçıların narkoloji müayinədən keçirilməsi də vacibdir, hazırda həqiqi hərbi xidmətdə olanların da. Baş nazirin imzaladığı qərarda qeyd edilir ki, həqiqi hərbi xidmət qulluqçuları da ildə bir dəfədən az olmayaraq narkoloji müayinədən keçiriləcək. 

Bu həm də profilaktik məqsəd daşıyır. Hesab edirəm ki, bu, narkomaniya ilə mübarizədə kompleks tədbirlərin tərkib hissəsidir. Və narkomaniya ilə, yaxud narkotik maddələrin alınıb-satılması, saxlanması, daşınması ilə hər hansı formada məşğul olan şəxslərin güc strukturlarında təmsilçiliyinin elə ilkin mərhələdə qarşısını alacaq. Güc strukturlarında çalışanların fiziki sağlamlığı necə vacibdirsə, psixi sağlamlıqları da eyni dərəcədə vacibdir.