“Biz Ermənistanın konstruktivliyinə ümid edirik. Əgər onlar konstruktiv olmasalar, biz diplomatik tədbirlərdən başqa hər hansı bir digər tədbirlərə əl atmağı planlaşdırmırıq. Bu qədəri bizə bəsdir. Buna görə, sadəcə, sülh olmayacaq, kommunikasiyalar açılmayacaq. Onlar yenə də təcrid olunacaqlar və onlar bu yeni geosiyasi konfiqurasiyada özlərinə yer tapmalı olacaqlar”.
Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada keçirilən Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfransda çıxışında deyib.
“Çünki bütün geosiyasi vəziyyət, - söhbət təkcə regiondan deyil, qlobal vəziyyətdən gedir, - dəyişib. Bizim orada öz yerimiz var. Bu yer çox sabitdir və getdikcə daha da möhkəmlənir. Lakin onlar üçün bu, böyük çağırış olacaqdır. Ümid edirəm ki, Vaşinqton danışıqları hətta nəticə verməsə belə, biz tərəqqinin əlamətlərini görə biləcəyik”, - dövlət başçısı bildirib.
Çıxışı müsbət dəyərləndirən Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli qeyd edib ki, biz müharibəni qalibiyyətlə başa vurduq və öz savaşımızla, öz sülhümüzü əldə etdik:
“Ermənilərin isə sülhü qazanmaq üçün ikinci bir müharibəyə ehtiyacı yoxdur. Çünki onlar məğlub tərəfdir. Bu məğlubiyyət əsasında isə onların revanş və uğur əldə edəcəyini düşünmürəm. Amma sual yaranır ki, proseslər yalnız münaqişəli vəziyyətdə qala bilərmi? Azərbaycan-Ermənistan arasındakı müharibə bitməyibsə, Paşinyan və onun ətrafı Azərbaycanın bu qalibiyyətləri qarşısında nə qədər tab gətirə bilər?
Bir halda kı, Azərbaycanla müharibədə Ermənistan ildə 3-4 milyard dollar pul itirir, 4 tərəfdən təzyiq altına düşür, qalib tərəf kimi diqtə edən Bakıdır. Bu baxımdan regionda sülh məcburiyyətdən olmalıdır və Ermənistan buna məcburdur. Prezident İlham Əliyev də bunu bir daha gündəmə daşıyır.
Çünki təkcə regionun vəziyyəti yox, həm də qlobal durum dəyişib. Azərbaycan isə bu qlobal məkanda vacib oyunçudur. Bunun konteksində Ermənistan regionda Azərbaycanın hegemoniyasını qəbul edib yaşaya bilər.
Əks halda Bakı Ermənistanın varlığını qəbul etməsə, arada hüquqi münasibət və sülh müqaviləsi olmasa, onların taleyini heç kim qorumayacaq".