Səməd Seyidov:“ Təəssüf ki, cənub qonşumuz arzuolunmaz mövqe sərgiləyir və kəskin addımlar atır”
Tofiq Zülfüqarov:“Prezident çıxışında Azərbaycan-İran münasibətlərinə yetərincə aydınlıq gətirib. Bundan artıq nəsə demək çətindir”
Azərbaycanın İrandakı səfirliyinin və Təbriz şəhərindəki Baş Konsulluğunun dörd əməkdaşının İran tərəfindən arzuolunmaz şəxs elan edilməsi ilə bağlı məlumatlar yayılıb. Azərbaycan Xarici İşlər Nazirliyi məsələyə münasibət bildirib.
Nazirliyin mətbuat katibi Ayxan Hacızadə açıqlamasında yayılmış məlumatların yeni olmadığını deyib:
“Məlum olduğu kimi, cari ilin aprel ayının əvvəlində İranın ölkəmizdəki səfirliyinin 4 əməkdaşı diplomatik statusa uyğun olmayan və Diplomatik Əlaqələr haqqında 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətlərə görə Azərbaycan hökuməti tərəfindən “persona non grata” (arzuolunmaz şəxs) elan edilmişdi.
İran tərəfi, öz növbəsində Azərbaycanın bu addımından bir neçə gün sonra, heç bir əsas olmadan və yalnız qarşılılıq prinsipini bəhanə gətirərək, ölkəmizin İrandakı səfirliyindən hələ yanvar ayında təxliyə olunmuş 2 nəfər əməkdaşı və Baş konsulluğun 2 nəfər əməkdaşını arzuolunmaz şəxs elan edib.
Ölkəmizə qarşı atılmış bu addım bir sıra problemlərin mövcud olduğu ikitərəfli münasibətlərə xələl gətirir”, - XİN rəsmisi qeyd edib.
Məsələyə münasibət bildirən AŞPA- da Azərbaycan nümayəndə heyətinin rəhbəri, millət vəkili Səməd Seyidovun “Sherg.az”a söyləyib ki, Azərbaycanla İran arasında münasibətlər hazırda heç zaman olmadığı qədər çox aşağı səviyyədədir:
“Vəziyyətin belə olması isə onlardan aslıdır. Çünki İran hələ də Azərbaycana təyziq istiqamətində siyasət yürüdür. Onlar bilməlidir ki, bu kimi addımlarla Azərbaycana təsir göstərmək mümkün deyil. Bunu nə qədər tez başa düşsələr, münasibətlər bir o qədər tez normal cərəyan etməyə başlayar.
Ona görə ki, qonşu ölkələrin əlaqələri sabit olsa, tərəflər bundan uğur qazanar. Təəssüf ki, cənub qonşumuz arzuolunmaz mövqe sərgiləyir və kəskin addımlar atır. Əminəm ki, bunun heç bir təsiri olmayacaq və Azərbaycan öz mövqeyində qalacaq. Təbii olaraq bu addımlar Azərbaycan-İran münasibətlərinə təsir göstərəcək. Ancaq heç kim rəsmi Bakı ilə təzyiq dilində danışmamalıdır”.
Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov isə deyib ki, rəsmi Tehran tərəfi gərginlik yaratmaqla öz məqsədlərinə çata bilməyəcək:
“Prezident çıxışında Azərbaycan-İran münasibətlərinə yetərincə aydınlıq gətirib. Bundan artıq nəsə demək çətindir. Azərbaycan gərginliyin tərəfdarı deyil və seçim İran tərəfindədir.
Lakin hesab edirəm ki, onlar da artıq bu mövqedən uzaqlaşırlar. Çünki gərginliklə heç nəyə nail ola bilməzlər”.