“Vaqner” muzdlu hərbi təşkilatı mayın 10-da Donetsk vilayətinin Baxmut şəhərindən çıxacaq.
Bunu qurumun rəhbəri Yevgeni Priqojin deyib.
O, bu barədə müvafiq qərar qəbul olunduğunu və buna səbəb kimi silah-sursat çatışmazlığını göstərib.
Qeyd edək ki, Y.Priqojin daha əvvəl Rusiya Müdafiə Nazirliyini tənqid etmişdi. Müdafiə Nazirliyi ilə “Vaqner” arasında müəyyən fikir ayrılığının olduğu bildirilir.
Xatırladaq ki, Baxmutda 7 aydan çoxdur gərgin döyüşlər gedir.
Priqojinin iki gündür əsəbi bəyanatlar verdiyini deyən jurnalist Xəqani Səfəroğlu "Sherg.az"a bildirib ki, bu onunla Rusiya siyasi-hərbi rəhbərliyinin arasında olan ciddi münaqişənin nəticəsindən doğan bir məsələdir:
"Çünki Priqojin Rusiyanın müdafiə naziri və baş qərargah rəisini "Vaqner"i sursatla təmin etməməkdə günahlandırır. O bildirib ki, dəstənin 70 faizi sursat ala bilmədiyi üçün Baxmutun müdafiəsində çətinlik çəkirlər. Ümumiyyətlə Priqojin burada əsasən Putinə mesaj ötürür. Çünki müraciətində ali baş komandanın da adı çəkilir. Digər tərəfdən Priqojin ilə Kreml hərbi rəhbərliyi arasında ciddi münaqişə var və Priqojin onları Ukrayndakı hərbi əməliyyatı idarə edə bilməməkdə günahlandırır. Həmçinin ehtimal var ki, Rusiya hərbi rəhbərliyi "Vaqnerin" çox qabağa çıxmasını istəmir.
Priqojin də sonuncu video müraciətində Kreml rəhbərliyini, ordunu Baxmutdan çıxaracağı ilə təhdid edib. Bu isə bir demarşdır. O belə addımla, Şoyqunu və "Vaqnerin" əleyhinə olan hərbi dairələri Putinin qarşısında rəzil etməyə çalışır. Baxmutun birdən-birə tərk edilməsi isə çox ciddi bir qərardır.
Çünki "Vaqnerin" Baxmutdan çıxması, yolların Ukrayna ordusunun nəzarətinə keçməsinə səbəb ola bilər. Bu baxımdan Baxmutun tərk edilib-edilməməsini mayın 10 da görəcəyik”.
X.Səfəroğlunun sözlərinə görə, Kreml rəhbərliyi artıq bəyanat verib ki, Priqojinin açıqlamasından xəbərləri var və bununla bağlı müvafiq qərarlar verəcəklər:
“Şoyqu və digər rus-hərbi rəhbərliyi "Vaqner"i arxa planda tutaraq, öz uğursuzluqlarının üzə çıxmasını əngəlləyir. Həmçinin onlar "Vaqner" qrupunu ordunu yenidən kordinasiya etmək və qüvvə yığmaq üçün fürsət kimi əllərində saxlayır. Yəni onlar hesab edirlər ki, keçmiş həbsdə olan cinayətkarlardan ibarət bu qruplaşmanı öt xəttə ataraq, rus silahlı qüvvələrinin kompleksləşdirilməsini həyata keçirə biləcəklər. Bu da gözlənilən yay hücum əməliyyatları üçün, ordunu önə çıxartmaq niyyətlərindən doğan bir məsələdir.
Priqojini də bu hərbi teatrda sıxışdırırlar. Proseslərinin sonunu isə mayın 10 da görəcəyik".