İŞİD Azərbaycanda nə axtarır? – Kökü kəsilir!



Türkiyə Milli Kəşfiyyat İdarəsi (MİT) İŞİD terror qruplaşmasının Azərbaycanda da təşkilatlanmağa cəhd göstərən yeni strukturunu ifşa edib.
 Diyarbəkir Prokurorluğunun başlatdığı istintaq çərçivəsində Şəhər Polis İdarəsinin Terrorla mübarizə şöbəsi və MİT birgə əməliyyat keçirib.
Aparılan araşdırmalar nəticəsində İŞİD terror qruplaşmasının Türkiyədə “Əhlaq və Sünnət Dərgisi” adı altında yeni bir təşkilat formalaşdırdığı üzə çıxarılıb. Bu təşkilatın Gürcüstan, Azərbaycan, İraq, Mali, Sudan, Əlcəzair və Liviyada da fəaliyyət göstərdiyi müəyyənləşib.

Məlumata görə, qruplaşma “Cihad Qrupu” formalaşdırıb, təlimlərini Gürcüstanda keçib. Qeyd olunub ki, onlar hərbi toqquşmalar olan bölgələrə göndərilirlər.

Xatırladaq ki, Türkiyə təhlükəsizlik qüvvələri mayın 5-də Ankara və Diyərbəkir şəhərlərində əməliyyat keçirib. Nəticədə İŞİD terror qruplaşmasının ümumilikdə 96 üzvü saxlanılıb.

İŞİD və bənzəri terror qruplaşmalarının Azərbaycanda əl-ayaq açmasının imkansız olduğunu deyən jurnalist, siyasi şərhçi Azər Həsrət "Sherg.az"a vurğulayıb ki, Azərbaycanın bu yöndə fəaliyyət göstərən dövlət qurumları sayıq və yetərincə təcrübəlidir:

"Bu mənada İŞİD-ın bizdə kök salması üçün əlverişli şərait yoxdur. Üstəlik MİT-in müəyyən etdiyi hadisə ondan xəbər verir ki, İŞİD Azərbaycanda formalaşa bilməz. Düzdür, Milli İstihbarat Təşkilatı da, bizim Dövlət Təhlükəsizlik Xidməti də əməliyyatlarının detallarını ictimaiyyətə açıqlamayan qurumlardır. Ancaq əminəm ki, MİT bu əməliyyatı keçirərkən Azərbaycan tərəfi ilə də əməkdaşlıq edib. 

Digər tərəfdən bu məsələlərdə Bakı da həmişə olduğu kimi qardaş Türkiyə ilə birlikdə hərəkət edir. Yəqin, onların ortaq fəaliyyətləri olub ki, bu cür geniş bir şəbəkəni müəyyənləşdiriblər. Ümumiyyətlə isə İŞİD Azərbaycanda nə axtarır sualı çox maraqlıdır. Məncə, İŞİD düşüncəli adamlar bu sualı özlərinə verməli və daşı ətəklərindən tökməlidirlər”.

Analitikin sözlərinə görə, Azərbaycan terrorçu qruplaşmaların at oynadacağı oylaq deyil:

"Ölkəmizin ictimai rəyi və xalqımız özünü hansısa orta əsr təfəkkürlü insanlara təslim edəcək bir cəmiyyət deyil. Azərbaycan xalqı dünyada az-az rast gəlinən ən savadlı millətlər sırasındadır. Ona görə də, ölkəmizdə İŞİD və İranın üzərimizə göndərməyə çalışdığı terrorçu dəstələr heç nəyə nail ola bilmir. 

İllərdir, bizə qarşı bu cəhdlər var. Ancaq hər dəfə ifşa edilərək qarşısı alınır. Bu baxımdan İŞİD-ı dəstəkləyən adamlar iki dəfə düşünməlidir ki, biz burada xalqı öz tərəfimizə çəkib dəstək qazana bilərikmi? Bu sualların cavabı isə birmənalıdır. Azərbaycan xalqı heç zaman terrorçuların ideologiyası ilə razılaşmayıb. 

Ona görə də terrorçu qruplaşmaların ölkədə kök salmaq cəhdləri bizdə alınmayacaq. MİT-i isə təbrik etmək lazımdır. Türkiyəli qardaşlarımız daha bir uğurlu əməliyyatla, öz gücünü bir daha göstərdi".