Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 5-də Xocavənd və Füzuli rayonlarına səfər ediblər.
Dövlətimizin başçısına və birinci xanıma Tuğ kəndində həyata keçiriləcək turizm layihələri barədə məlumat verilib.
Prezident İlham Əliyev burada İnzibati Mərkəzin və ilk yaşayış məhəlləsinin təməlini qoyub.
Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Hadrut qəsəbəsində tam orta məktəbin bərpa layihəsi ilə tanış olub, ilk yaşayış məhəlləsinin təməlqoyma mərasimində iştirak ediblər.
Dövlətimizin başçısı Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolunun 8,2 kilometrlik hissəsinin, “Hadrut” qovşaq yarımstansiyasının və Rəqəmsal İdarəetmə mərkəzinin açılışlarını edib.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli rayonunun Pirəhmədli kəndinin təməlqoyma mərasimində iştirak ediblər.
Dövlətimizin başçısı Füzuli-Hadrut avtomobil yolunun 12,3 kilometrlik hissəsinin açılışını edib, Dədəli kəndinin təməlini qoyub.
Dövlətimizin başçısı və birinci xanım Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən özbək xalqı adından hədiyyə olaraq Füzulidə tikilən məktəb binasında tikinti işlərinin gedişi ilə tanış olublar.
Ölkə başçısının bir neçə gündür işğaldan azad olunmuş ərazilərə səfər etdiyini deyən Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyev "Sherg.az"a vurğulayıb ki, Prezidentin bu səfərlər zamanı hər bir rayonda təməlqoyma mərasimlərində şəxsən iştirak etməsi alqışalayiqdir:
"Şuşada keçirilən böyük tədbirdən sonra cənab Prezident işğaldan azad olunmuş ətraf rayonlara səfər edərək, nümunəvi bir fəaliyyət sərgiləyib. Görünən odur ki, ölkə başçısı bizim işğaldan azad olunan torpaqlarda həm ali baş komandan, həm də bir memar kimi quruculuq işlərində bilavasitə iştirak edir. Bütün bu proseslərdə isə Birinci vitse-prezident Mehriban xanım Əliyeva, cənab Prezidentlə qoşa addımlayır".
U.Mirzəyevin sözlərinə görə, bu addımlar Azərbaycan insanını daha da ruhlandırır:
"Hətta biz bir neçə gündən sonra çox gözəl bir hadisənin şahidi olacağıq. İnsanlarımız artıq ilk işğal olunan bölgələrdən biri Laçına qayıdış edəcəklər. Bu isə bizi çox fərəhləndirir. Digər tərəfdən təkcə ölkə daxilindəki proseslərdə yox, beynəlxalq müzakirələrdə və sülh prosesinin həyata keçirilməsində Azərbaycan öz haqqını müdafiə edərək, işğalçı ölkənin sülh müqaviləsinə yaxınlaşmasına təsir göstərir".