İranda həbsdə olan Azərbaycan vətəndaşı Fərid Səfərliyə qarşı irəli sürülən ittiham dəyişdirilib. 19 iyul tarixində keçirilmiş məhkəmə iclası zamanı “casusluq” ittihamı “casusluq etmək niyyəti” ittihamı ilə əvəz olunub.
F.Səfərlinin anası Dilarə Əskərova "Report"a açıqlamasında bildirib ki, onun oğluna qarşı irəli sürülən ittihamın dəyişdirilməsinin ciddi fərqi yoxdur. Ötən gün övladı ilə telefonla danışdığını xatırladan D.Əskərova onun vəziyyətinin olduqca pis olduğunu və məhkəmənin verəcəyi qərarla bağlı narahatlıq keçirdiyini söyləyib.
Qeyd edək ki, Fərid Səfərliyinin valideyninin oğlunu ziyarət etməsi üçün hazırda iş aparılır. Almaniyada yaşayan 26 yaşlı Fərid Səfərli bu ilin fevralında İrana səfər edib. O, martın 5-də Almaniyaya qayıtmalı olsa da, sonradan onunla əlaqə itib.
Almaniyada yaşayan, əslən İrandan olan hüquq müdafiəçisi Nağı Mahmudi "Sherg.az"a Fərid Səfərlinin İran rejimi tərəfindən saxta ittihamlarla saxlanılması barədə açıqlama verib:
“Casusluq” ittihamının cəzası, “casusluq niyyəti” ittihamından daha ağırdır. İttihamın dəyişdirilməsi Fəridin lehinədir. Bir çox hallarda, bu cür ittihamların irəli sürülməsinin iki dövlət arasında olan siyasi münaqişələrlə əlaqədardır və heç bir hüquqi əsası yoxdur".