Heç pedofil, cani haqda belə danışmazlar!  - Psixoloq "Nikosayağı"nı müdafiə etdi

"Baş vermiş olayın özü bir yandan, kütlənin anormal reaksiyası da digər tərəfdən insanı kədərləndirir. 

Bunu "Sherg.az"a psixoloq Elmir Əkbər avtomobil qəzası keçirən bloqer Nicat Şakirli ilə bağlı lazımsız zarafatlar edən, aqressiya sərgiləyən insanlarından danışarkən sonra deyib. Mütəxəssis vurğulayıb ki, bildiyinə görə, həmin gəncin heç qlobal xətaları da olmayıb:

"İnsanları təhqir etməyib, ələ salmayıb, narkotikanı, əxlaqsızlığı, əyyaşlığı təbliğ etməyib, bəziləri kimi səfeh ifadələr işlətməyib. Aqressiya göstərmək nəyə lazımdır?! Sanki bloqerin başına hansısa faciənin gəlməsinə həsrət qalıblarmış. Adətən, həmin adamlar həyatda özünü təsdiqləyə bilmir, mənən bədbəxt olur və başqasının uğursuzluğuna sevinib, gülə bilirlər. Xoş olmayan fikirlər səsləndirirlər. Məni məyus edən hadisə ilə yanaşı amansız, mərhəmətsiz, qəddar insanların faizinin artmasıdır. Təəssüf ki, istəsək də, istəməsək də, müəyyən faiz insanlar doğularkən artıq nələrəsə meyilli olur. Bu say isə çoxalmaqda davam edir. Qəzaya düşən şəxs onsuz da acı çəkir. Ona yenidən bu əzabları təkrar xatırlatmağın mənası yoxdur. Artıq o ömrü boyu çiyinlərində mənəvi "yük" daşıyacaq. Niyə baş verən hadisə bu qədər eyforiya yaradır?! Hansı ki, N.Şakirlinin əli heç kimin qanına bulaşmayıb, kimisə məqsədyönlü şəkildə öldürməyib. Bəlkə də, pedofil, qaniçən, qəddar, canilər haqqında belə ifadələr səsləndirmirlər. Adıçəkilən bloqerin paylaşdığı videoçarxlara baxdım. Bir gənc kimi, o da surətpərəst insandır. Kamera önündə çıxmağı sevir. Qəzadan sonra fiziki travması ilə yanaşı bir də yanındakı dostunun vəfat etməsi ona psixoloji cəhətdən də əziyyət verəcək. Psixi sağlamlığı əvvəlki vəziyyətinə qayıda biləcəkmi, o da sual altındadır. Həmin tanınmış simaya qarşı aqressiya göstərmək dayazlıq, cılızlıq, bir hüceyrəlilik, onurğasızlıqdır. Belə adamları görəndə "kaş Avstriyada yaşayardım" deyirəm. Cəmiyyətimizin bəzi nümayəndələrinin davranışları məndə məyusluq hissi yaradır. Azərbaycan reallığını başa düşürəm. Heç kim qəza anının necə baş verdiyini bilmir. Bəlkə, həmin vaxt sükan arxasında özündə və ya dostunda panik atak başlayıb?! Bəlkə o an başqa problem yaşayıb?! Nə yaşanıb, bilmirik, lakin ailə faciəsi göz önündədir. Sözügedən bloqerin ailəsi, hətta özü ilə də görüşüb, danışmaq istəyərəm, lazım gələrsə, təmənnasız dəstək göstərməyə də hazıram".


Qeyd edək ki, sosial şəbəkələrdə “Nikosayağı” adı ilə tanınan bloqer Nicat Şakirli qəzaya düşüb. Hadisə Heydər Əliyev prospektində baş verib. N.Şakirli idarə etdiyi “Porsche” markalı avtomobili ilə TIR-a çırpılıb. Qəza nəticəsində bir nəfər ölüb, ağır bədən xəsarətləri alan bloqer isə xəstəxanaya aparılıb. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyininin (TƏBİB) verdiyi məlumata görə, N.Şakirlinin vəziyyəti stabil olaraq qalır. Əfsuslar olsun ki, qəza baş verdiyinə görə, sosial şəbəkələrdə həmin şəxsi qınayan, tənqid edən, hətta gərəksiz zarafatların yazıldığı paylaşımlara da rast gəlirik. Aqressiya dolu rəylər "Nikosayağı" sevənlərində də qıcıq yaradır.