Bakı Xankəndiyə çörək göndərdi


Əgər humanitar yardıma terrorçular maneə olarsa, Azərbaycan Silahlı Qüvvələri sözünü deməlidir


  Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda yaşayan erməniəsilli şəxslər üçün aparılan humanitar yardım yoldadır. Humanitar yardımı aparan karvan artıq erməni işğalından azad olunmuş ərazilərə, Ağdama çatıb.
  Qarabağdakı erməni separatçılar isə sakinləri Azərbaycanın humanitar yardımından imtina etməyə çağırır.
  "Trend" xəbər verir ki, sosial şəbəkələrdə yayılmış kadrlarda Xankəndi sakini bir qadın dünən "türkün verdiyi unu yeməkdənsə, aclıqdan ölərəm" sözləri ilə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin göndərdiyi 40 ton un məmulatlarıının olduğu humanitar yardım maşınlarının keçidi üçün yolu bağlamağa çağırıb.
  Azərbaycan Xalq Partiyasının sədri, sabiq baş nazir Pənah Hüseyn “Sherg.az”a bildirib ki, Azərbaycanda fəaliyyət göstərən siyasətçilər belə bir addımın atılması ilə bağlı öncədən təkliflər verib: 
"Hesab edirəm ki, separatçı rejimin hansı reaksiya verməsindən asılı olmayaraq bu addım atılmalıydı. Çünki  bu, orada həqiqətən çətinlik çəkən vətəndaşlarına qarşı Azərbaycan dövlətinin yardımıdır. Əgər yardıma terrorçular tərəfindən müdaxilə olarsa, hesab edirəm ki, orada bizim tərəfdən də humanitar məqsədli əməliyyata ehtiyac olur. O baxımdan mən tərəfdarıyam ki, Ağdam-Xankəndi yolu qarşısında terrorçular tərəfindən təşkil olunmuş blokada lazım gələrsə, Azərbaycan Silahlı Qüvvələri tərəfindən açılmalıdır".
  Qeyd edək ki, humanitar yardım dünən səhər saatlarından Bakıdan Xankəndiyə doğru yola düşüb. Humanitar yardıma ilkin mərhələ üçün 40 ton un məmulatları daxildir.
  Xatırladaq ki, Qarabağda separatçı rejimin qalıqları artıq çoxdandır müxtəlif üsullarla dünya ictimaiyyətini və beynəlxalq təşkilatları inandırmağa çalışırlar ki, Azərbaycan Laçın yolunda sərhəd-buraxılış məntəqəsi qurmaqla, guya, Qarabağın erməni sakinlərini "blokadada saxlayır" və onlar üçün "humanitar böhran şəraiti" yaradıb və guya ermənilər "ərzaq çatışmazlığı ilə üzləşirlər".