“Türkiyə və NATO birgə daha güclü və təhlükəsizdir”.
Bu barədə Alyansın Quru Qoşunları Komandanlığının 30 avqust – Türkiyənin Zəfər Günü ilə bağlı “X”dəki paylaşımında qeyd olunub.
NATO Zəfər Günü ilə bağlı Türkiyəni təbrik edib: “Türkiyə 1952-ci ildə NATO-ya üzv olandan sonra bir çox əməliyyat və təlimlərdə iştirak edib, hərbçiləri hər cür peşəkarlıq və qətiyyət göstərib”.
Türkiyənin Avropa üçün təhlükəsizlik qapısı rolu oynadığını deyən hərbi-siyasi ekspert Həşim Səhrablı "Sherg.az"a şərh edib ki, Avropanın təhlükə gözlədiyi əsas istiqamət Şərq sərhədləridir:
"Burada Rusiyadan, İrandan və Çindən söhbət gedir. Avropanı Şərqdən gələcək təhlükələrdən qoruya biləcək tək ölkə isə Türkiyədir. İndi Avropa yaxşı hesablayır ki, Türkiyə NATO-dan ayrılarsa, bu Ankara üçün də təhlükəsizlik problemləri ilə nəticələnəcək. Çünki Rusiya Qara dənizi öz daxili sularına çevirməyə cəhd edir. Ukraynadakı işğal əməliyyatlarında da dəfələrlə şahidi olmuşuq ki, şimal qonşumuzun əsas ram etməyə çalışdığı bölgələrdən biri də Qara dəniz sahilləridir. Eyni zamanda Rusiya və İran kimi tarixən Türkiyə ilə düşmənlikləri olan ölkələr də Türkiyə torpaqlarını əhatə edib. Digər tərəfdən bu təhlükələr tək Türkiyə üçün yox, Avropa üçün də labüddür. Ümumiyyətlə NATO-nun 3-4 güclü sayılacaq ölkəsi var. Ancaq Şərq sərhədlərində Alyansın Rusiya və İran ilə üz-üzə gələcək yeganə tərəfdaşı Türkiyədir".
Ekspertin sözlərinə görə, Qərb yaxşı anlayır ki, indiki şəraitdə Türkiyə kimi bir müttəfiqi əldən çıxarmaq özlərinin maraqlarında itkilərə səbəb olacaq:
"Ona görə də çalışırlar ki, Türkiyə ittifaqdan kənarlaşmasın və ya fikir ayrılığı yaşanmasın. Təbrik və çıxışlar da məhz buna hesablanıb. Ümumiyyətlə qardaş Türkiyə özünün ordu faktoruna görə dünya siyasətində söz sahibi olmağı bacaran ölkələrdən biridir. Məsələn, biz Türkiyə öz iqtisadiyyatı ilə dünyaya meydan oxuyur deyə bilmərik. Amma söhbət hərbi məsələlərə gəldikdə rahat şəkildə söyləmək olar ki, Türkiyə dünyanın ən güclü dövlətləri ilə qarşı-qarşıya gəlir. Ona görə də, Türkiyə hərbisi Alyansın diqqət mərkəzindədir və NATO-nun təhlükəsizlik məsələsində türk əsgərinin rolu danılmazdır".
Qeyd edək ki, 30 avqust Türkiyənin Zəfər Günü kimi qeyd olunur.