Bu təxribatlar əvvəlcədən planlaşdırılır və
Azərbaycana qarşı təzyiq məqsədi güdür
Azərbaycanın Livandakı səfirliyi qarşısında aksiya
keçirən 50-yə yaxın erməniəsilli şəxslər səfirliyin inzibati binasının
ətrafındakı hasara zərbələr endirib, özləri ilə gətirdikləri içərisində boya
olan və partlayıcı bərkidilmiş şüşələri səfirliyin inzibati binasına atıblar.
Bu barədə Xarici İşlər Nazirliyindən bildirilib.
Qeyd olunub ki, hücum nəticəsində səfirliyin heyəti
xəsarət almayıb.
Nazirlikdən bildirilib ki, hadisə barədə diplomatik
nümayəndəliklərin mühafizəsinə cavabdeh olan quruma məlumat verilən kimi
hüquq-mühafizə orqanları hadisə yerinə gəlsələr də, həmin vaxt təxribatçılar
ərazidən uzaqlaşmağa müvəffəq olublar:
"Səfirliyə qarşı törədilən bu hücumla əlaqədar
cinayətkarların aşkarlanması və həbs edilməsi məqsədilə, Livanın Xarici İşlər
Nazirliyinə müvafiq nota təqdim edilib və aidiyyəti üzrə tədbirlər həyata
keçirilir.
Hazırda səfirliyin mühafizəsi daha da gücləndirilib və
törədilmiş cinayətlə bağlı araşdırma aparılır".
Erməni əsilli Livan vətəndaşlarının Azərbaycan
səfirliyinə hücumunun təəssüf edici hal olduğunu qeyd edən millət vəkili Naqif
Həmzəyev "Sherg.az"a söyləyib ki, videolardan da göründüyü kimi onlar
dinc aksiyanı təcavüzə çeviriblər:
"Bu isə cinayətdir. Biz ümid edirik ki, Livan
Xarici İşlər Nazirliyi baş vermiş hadisə ilə bağlı rəsmi məlumat bildirəcək və
aidiyyəti qurumlar cinayətkarların cəzalandırılmasını təmin edəcək. Heç kəsə
sirr deyil ki, biz üç il ərzində səfirliklərimizə belə hücumların şahidi olduq.
Bu isə onların Azərbaycan və Ermənistan arasında bağlanacaq sülh müqaviləsinə
mane olmaq istəklərini ortaya qoyur. Ümumiyyətlə Fransa, İngiltərə və başqa
ölkələrdə yerləşən səfirliklərimizə qarşı olunan hücuma görə cinayət işləri
açılıb. Hətta cəzalandırılanlar da var. Ancaq təəssüflər olsun ki, bu cür
hadisələrlə bağlı cinayət işinin necə aparılmasına və bütün günahkarların necə
cəzalandırılmasına biz şahidlik etməmişik".
Parlamentarinin sözlərinə görə, belə aksiyaların
keçirilməsinə icazə verən qurumlar və səfirliklərimizin təhlükəsizliyini təmin
edilməsindən məsul olan qurumlar erməni əsilli cinayətkarlara qarşı heç bir
ciddi tədbir görmürlər:
"Yəni "dinc aksiya" adlandırılan, amma
cinayət tərkibli olan belə hadisələrin qarşısını almırlar və sadəcə kənardan
müşahidə aparırlar. Bu isə istər-istəməz sözügedən təxribatların əvvəlcədən
planlaşdırıldığı və Azərbaycana qarşı təzyiq məqsədi güddüyü ilə bağlı şübhələr
yaradır. Ümumiyyətlə Azərbaycan beynəlxalq hüquqa hörmətlə yanaşır və
ərazisindəki bütün səfirliklərin təhlükəsizliyini özü təmin edir. Biz ümid
edirik ki, beynəlxalq hüquqa tabe olan dövlətlər öz öhdəlikərini yerinə
yetirəcəklər".