Ermənistan tərəfi istəyir ki, münaqişəyə xarici oyunçuları qoşsun! - Tofiq Zülfüqarov

Yeddi gündür ki Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda yaşayan erməniəsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün içərisində un olan iki yük maşını (TIR) Ağdam-Xankəndi yolundadır.

Belə ki, içərisində 40 ton un məmulatları olan iki TIR avqustun 29-dan etibarən Ağdam-Xankəndi yolunun üzərindəki Rusiya sülhməramlılarının postunun qarşısında gözləyir.

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşları, könüllülər ötən gün ərazidə qurulan çadırlarda gecələyib və istirahət ediblər.
Onların əsas məqsədi Qarabağda yaşayan erməniəsilli vətəndaşlara humanitar yardım göstərməkdir və bunun üçün içərisində 40 ton un məmulatı olan iki yük avtomobili Ağdam-Xankəndi yolunun üzərində dayanıb.

Ərazidə olan Azərbaycan Qızıl Aypara Cəmiyyətinin nümayəndələri gətirdikləri yükün keyfiyyət sertifikatını Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarına təqdim ediblər.
Hazırda yardımın erməniəsilli şəxslərə çatdırılması üçün danışıqlar davam etdirilir.

Ermənistanın törətdiyi təxribatın təbliğat məqsədli olduğunu deyən sabiq xarici işlər naziri Tofiq Zülfüqarov "Sherg.az"a vurğulayıb ki, Azərbaycan dəfələrlə onların iddialarının yalan olduğunu bəyan edib:

"Ümumiyyətlə Azərbaycanın göndərdiyi humanitar yardımın Ağdam yolunda saxlanılması Ermənistan tərəfinin yalanlarına ən böyük cavabdır. Yəni blokada iddiası edənlərin özləri yolları bağlayıb və humanitar yardıma mane olur. Ermənistan tərəfi istəyir ki, münaqişəyə xarici oyunçuları qoşsun və həmin ərazilərdə beynəlxalq  qurumların təmsilini təşkil etsin".

T.Zülfüqarovun sözlərinə görə, Azərbaycanın cavab tədbirləri nəticəsində ermənilərin təbliğat imkanları məhdudlaşıb:

"İndi isə onlar bir növ məntiqsiz mövqeyə sahibdirlər və Azərbaycanı ittiham etmək üçün heç bir əsasları yoxdur. Digər tərəfdən uduzduqlarını da etiraf etmək istəmirlər. Ümumiyyətlə bu hər zaman belə olub. Dəqiqləşdirmək üçün isə sadəcə ABŞ Konqresinin 1992-ci ildə bizə qarşı qəbul etdiyi 907-ci düzəlişə baxmaq kifayət edir. Bu düzəliş edildiyi zaman Azərbaycan torpaqları işğal altında idi və bu indiyə qədər də qüvvədədir. Ermənistana qarşı qəbul edilən 504-cü düzəliş isə 2004-cü ildə ləğv olundu. Burada göstərilirdi ki, Ermənistan qonşu ölkənin ərazisini işğal edib. Ancaq torpaqlarımız azad olunmamış bu düzəliş ləğv edildi. İndi də bu hadisələr davam edir. Yəni erməni lobbisi yalan məlumatlar yayaraq ictimai rəy formalaşdırmağa çalışır".