Ermənistan məsuliyyət daşımalıdır  - Deputat

“İşğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi və bundan əziyyət çəkən insanların müalicəsi üçün Azərbaycana dəstək göstərilməlidir”.

Bu fikirləri Fransanın Piyada əleyhinə minaların təmizlənməsi üzrə Milli Komissiyasının sədri Jerar Şenel (Gerard Chesnel) bildirib.

Onun sözlərinə görə, Azərbaycanın Ermənistanın işğalından azad etdiyi ərazilərində minaların sayı həddindən artıq çoxdur:

“Minalar bir-birinə çox yaxın yerləşdirilib ki, bunu hərbi nöqteyi-nəzərdən izah etmək çətindir. Hər bir halda beynəlxalq hüquq qaydalarına əsasən, məğlub olmuş ölkə özü tərk etdiyi əraziləri minalardan təmizləməlidir. Lakin Ermənistan beynəlxalq hüququn qanunlarına riayət etməyib”.

Komissiya sədri qeyd edib ki, bu məsələdə xarici ölkələr tərəfindən Azərbaycana kömək olunmalıdır.

J.Şenelin fikirlərinə münasibət bildirən millət vəkili Asim Mollazadə "Sherg.az"a açıqlamasında  vurğulayıb ki, hazırda iki ölkə minalardan çox böyük əziyyət çəkir:

"Birinci söhbət Azərbaycanın Qarabağ bölgəsindən gedir. Ermənilər orada  milyonlarla  mina basdırıblar. Bu proses hətta atəşkəs rejimindən sonra belə davam edib. Hər bir halda onlar minaları təzədən gətirib yerləşdirmək istəyirlər. Digər ərazisinə mina basdırılan ölkə isə Ukraynadır. Bütün Beynəlxalq təşkilatlar və ölkələr bu yöndə Azərbaycana və Ukraynaya dəstək verməyə çalışırlar. Bu istiqamətdə Böyük Britaniya, Xorvatiya İsrail və.s  ölkələr bizə dəstək verir.

 ABŞ müvafiq itləri minaların atarılmasına  dəstək kimi göndərib. Bu böyük bir faciədir. Ona görə bütün dünya öz səylərini birləşdirərək minaların təmizlənməsinə görə səfərbər etməlidir. Külli miqdarda mülki əhaliyə qarşı minaları yerləşdirmək hərbi cinayətdir.

 Azərbaycan bu istiqamətdə  Ermənistanı Beynəlxalq Təşkilatlarda cavabdeh etməyə çalışmalıdır. Həmçinin hərbi cinayətlərə görə Ermənistan tərəfi məsuliyyət daşımalıdır. Fransa bu prosesdə bəzi oyunlarını davam etdirir. Rəsmi Parisin Azərbaycana qarşı apardığı siyasət bilavasitə siyasi korrupsiya və  erməni radikal icmanın fəaliyyəti ilə bağlıdır. Çünki onlar sülh prosesini dayandırmağa çalışırlar. Xarici diaspor üçün Qarabağda və Ermənistanda yaşayan ermənilər qurbanlıq materialdır. Onlar faciə törədərək bütün dünyadan özləri üçün maliyyə dəstəyi qazanmaq istəyirlər".