Türkiyənin xarici işlər naziri Hakan Fidan bu gün Ankarada yunanıstanlı həmkarı George Gerapetritis ilə görüşəcək.
“A Haber” xəbər verir ki, görüşdə ikitərəfli əlaqələr müzakirə olunacaq.
"Bir müddət əvvəl NATO Zirvəsində Prezident Rəcəb Tayyib Ərdoğanın Yunanıstanın Baş naziri Kiriakos Mitsotakislə görüşü olmuşdu. Mitsotakis Türkiyə ilə yaxınlaşma istəklərini dilə gətirmişdi. Seçki zamanı da iki ölkə arasında mülayim mesajlaşmalar oldu. Bu gün həmin mülayim atmosferi davam etdirəcək addımlar atıla bilər", - məlumatda qeyd olunub.
Görüşü "Sherg.az"a dəyərləndirən Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli vurğulayıb ki, Hakan Fidanın səfərləri Türkiyənin problemli olduğu ölkələrlə münasibətlərinin yeni dizaynına hesablanıb:
"Bu bir növ gələcəkdə Hakan Fidana yönəlik ciddi planların olduğunun da göstəricisidir. Yəni həm Rusiyaya, həm İrana, həm də Yunanıstana səfərlər onu göstərir ki, Türkiyə regional problemlərin həllində və ya gələcəyə dair uzlaşmalarda maraq axtarışındadır. Elə hesab edirəm ki, bu mənada Yunanıstanın silahlanmasının da ciddi təsirləri var. Rəsmi Ankara əmin olmaq istəyir ki, Yunanıstanla ABŞ-nin "Dədə Ağacı" ərazisində yerləşdirdiyi silahlar hansı məqsədlə Türkiyə yaxınlığındadır və son günlər Kipr üzərindən BMT ilə baş verən qarşıdurmada Afinanın mövqeyi necə olacaq".