Çin xarici işlər naziri Van İnin Rusiyaya dörd günlük səfəri başlayıb.
APA “Reuters“ə istinadən xəbər verir ki, səfərin məqsədinin iki ölkə arasında siyasi anlaşmanın dərinləşdirilməsi, həmçinin Rusiya Prezidenti Vladimir Putinin oktyabrda Çinin paytaxtı Pekinə səfər edərək üçüncü “Bir Kəmər, Bir Yol” Forumununda iştirakına hazırlıqların görülməsi olduğu bildirilib.
Çin Xarici İşlər Nazirliyinin bəyanatına görə, Van İ illik təhlükəsizlik danışıqları ilə əlaqədar Rusiya Təhlükəsizlik Şurası katibi Nikolay Patruşevlə görüşəcək.
Diplomatın eyni zamanda, Rusiyanın XİN başçısı Sergey Lavrovla bir sıra məsələləri müzakirə edəcəyi bildirilib.
Məsələ ilə bağlı "Sherg.az"a açıqlamasında Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin sədri, politoloq Samir Hümbətov vurğulayıb ki, bu həm qlobal siyasət, həm də təhlükəsizlik baxımından çox önəmlidir:
"Bu gün Rusiya Ukrayna müharibəsi gedir və savaş çox da yaxşı vəziyyətdə deyil. Çinin məqsədi öz neytrallığını qorumaqdır. Vladimir Putinin Çinin "Bir Kəmər, Bir Yol" layihəsinin il dönümü ilə bağlı tədbirə qatılması gözləniləndir. Bunun baş verməsi fonunda Çin və Rusiya arasında bir sıra sənədlər imzalanması mümkündür. Təhlükəsizlik və silah ticarəti ilə tərəflər arasında bəzi razılaşmalar əldə oluna bilər. Eyni zamanda Rusiya ətrafında Ukrayna müharibəsi ilə bağlı olaraq ticarət dövriyyəsi artıb. Çünki Qərblə Şimal qonşumuz arasında ticarət dövriyyəsi kifayət qədər sanksiyalar nəticəsində aşağı düşüb. Siyasi baxımdan Rusiyanın beynəlxalq arenada təklənməsinin qarşısını almaq yönümündə addımlar atılacaq. Həmçinin rəsmi Kiyevin siyasi blokadadan çıxması üçün Çinin dəstəyi olacaq. Digər tərəfdən iqtisadi əməkdaşlığı dərinləşdirmək də müzakirə olunacaq. Çin və Rusiya arasında 2022-ci ildə ticarət dövriyyəsi üç yuz milyard dollara qədər qalxıb. Bu kifayət qədər böyük məbləğdir. İndki vəziyyətdə Rusiyanın əsas neft-qaz alıcısı Çindır. Səfər zamanı siyasi, iqtisadi, hərbi təhlükəsizlik sahəsinə xüsusi diqqət yetiriləcək. Eyni zamanda qlobal miqyasda siyasətin yenidən alınması gözləniləndir".