ABŞ administrasiyası İrana qarşı sanksiyaların təsirli vasitə olmadığını qəbul edir.
Bu sözləri İran Prezidenti İbrahim Rəisi amerikalı xarici siyasi ekspertləri ilə görüşündə deyib.
“ABŞ artıq başa düşmüşdü ki, İran xalqına qarşı sanksiyalar və ya təhdid şəklində güc dilini istifadə etmək dialoqun aparılmasında effektiv vasitə deyil. Amerika hökumətinə tövsiyəmiz başqa ölkələrə qarşı sanksiyalar tətbiq etməyi dayandırmasıdır”, - Rəisi bildirib.
İbrahim Rəisinin fikirlərinə münasibət bildirən Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov "Sherg.az"a açıqlamasında söyləyib ki, sön dövrlər Amerika Birləşmiş Ştatları ilə İran arasında olan münasibətlərdə müəyyən qədər ziddiyyətlər və yaxınlaşmalar bir-birini əvəzləyir:
"Xüsusilə də İranın Şimal qonşumuza Rusiya Ukrayna müharibəsi fonunda dəstək göstərməsi və "Şahed" PUA-larının ötürülməsi Qərbi yenidən düşünməyə vadar edib. Məhz İrana qarşı sanksiyaların yumşaldılması müzakirə olunur. Digər tərəfdən əsirlərin mübadilə edilməsi, İranın xaricdə olan aktivlərinin Tehrana qaytarılması haqqında razılaşmalar onu göstərir ki, İranın Rusiyaya yardımı ABŞ-ni narahat edir. Bu səbəbdən İbrahim Rəisi daxili auditoriyada rəğbət qazanmaq üçün sanksiyaların gözlənilən effektiv olmadığını vurğulayır.
Əslində isə uzun illər ərzində sanksiyaların tətbiqi İran iqtisadiyyatına milyardlarla dollar məbləğində ziyan vurmuşdur. Burada Rəisi yaranan fürsətdən öz imici və reytinqi üçün istifadə edir. Qərbin yeganə məhdudiyyət aləti burada sanksiyalar olduğu üçün öz imkanlarından maksimum dərəcədə istifadə etməkdir. Lazım olan təqdirdə isə yumşalmalara getməkdir. Bunların tətbiqi Tehran üçün fürsət kimi dəyərləndirilir.
İran hakimiyyəti burada öz qazanclarını güdmək üçün razılaşmalara gedir. Bütün bunlar göstərir ki, Qərb, ABŞ və İran vahid siyasi ardıcıl xətti yürütməyə bilər".