Artıq Qarabağ kartı yoxdur: Rəsmi Tehranın açıqlaması məntiqsizdir

İran hakimiyyəti Azərbaycan və Ermənistana bütün reysləri ləğv edib 

Bu barədə İran Mülki Aviasiya Təşkilatının rəhbəri Məhəmməd Məhəmmədi-Baxş məlumat verib.

“Bölgədəki xüsusi vəziyyətlə əlaqədar bu gündən etibarən İran və Ermənistan, eləcə də İran və Azərbaycan Respublikası arasında bütün uçuşlar ləğv ediləcək”, - o bildirib. 

İranın bu addımına münasibət bildirən siyasi şərhçi Həşim Səhrablı "Sherg.az"a söyləyib ki, rəsmi Tehranın indiki bir məqamda belə bir açıqlama verməsi qaranlıq və məntiqsiz addımdır: 
"Çünki artıq Qarabağda əməliyyatlar dayandı. Sabah artıq görüşlər keçiriləcək. Eyni zamanda qondarma rejim özünün dırnaqarası ordusunun ləğv edildiyini açıqladı. Həmçinin Ermənistan Xarici İşlər Nazirliyi tərəfindən açıqlamalar verilir ki, Qarabağ ermənilərinin Azərbaycanla yaşaması ehtimalları barədə müzakirələr aparmaq olar. Bütün bunların fonunda İranın sanki bölgədə yeni bir geniş miqyaslı əməliyyatlar gözlənilir kimi açıqlamalar verməsi onların niyyətlərinin xəbərçisidir. Yəni, İran bölgədə hərbi əməliyyatların yenidən başlamasının və problemin həllinin uzadılmasından yanadır. Molla rejimi tərəfindən bu istiqamətdə təxribatların törədilməsi də öz aktuallığını qoruyur. Çünki vaxtilə Qarabağ kartından istifadə edərək Cənubi Qafqazın  ayrı-ayrılıqda Azərbaycan və Ermənistan dövlətlərinin  daxili məsələlərinə qarışırdı.

 Bu gün o kart sıradan çıxmaq üzrədir. Artıq Qarabağ kartı yoxdur. Kimsə bundan istifadə edərək ümümiyyətlə Cənubi Qafqazın daxili siyasətinə qarışa bilməyəcək. İran isə bunu görür və artıq hər şeyin fərqindədir. Buna görə də fikirləşirlər ki, problemin həllinə bir şəkildə maneə olsunlar və yenidən Azərbaycan Ermənistan arasında yaxınlaşmanı əngəlləsinlər. Ancaq istənilən halda İran və onun kimi bu yöndə planlar quran hər hansı tərəfin məqsədlərinə çatacağını gözləyə bilmərik. 

Bütün dünya Qarabağın Azərbaycanın bir tərkib hissəsi olduğunu qəbul etməyə məcburdur. Buna görə də hər kəs  bölgədə  ya bərabər yaşamalıdır, ya da tərk etməlidir. Digər tərəfdən bu açıqlamaları  yaşanılacaq hadisələrin siqnalı kimi qəbul etmək olar. Qarabağ probleminin başa çatması fonunda başqa məsələlər öz aktuallığını qoruyacaq. Məsələn, bunlardan biri də tranzit yolların açılmasıdır. Biz bilirik ki, Ermənistan tərəfi 2020-ci il bəyanatına zidd olaraq hələ də Zəngəzur dəhlizinin açılmasına süni əngəllər törətməkdədir. Qarabağ problemi xoş şəkildə həll olunmadığı kimi İran Zəngəzur dəhlizinin də güc vasitəsilə həll olunacağını düşünür.

Rəsmi Tehranın açıqlamasını hansı məqsədə görə verməsindən asılı olmayaraq heç də yaxşı görünmür. Bir növ təxribat xarakterli açıqlamadır. Amma hədəfinə varacağını da gözləmək lazım deyil. Çünki İran tərəfi əvvəllər də fərqli  formada belə təxribatlara cəhd etdi, amma heç birində uğurlu ola bilmədi".