Azərbaycanda ilk dəfə kibermüharibə yarışı keçiriləcək.
Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin mətbuat katibi Saida Əhmədova 26-27 oktyabrda keçiriləcək “Critical Infrastructure Defence Challenge 2023” tədbiri ilə bağlı brifinqdə deyib.
Azərbaycanda ilk dəfə keçiriləcək “Hack the Future” təlimlərində müxtəlif bilik səviyyələrinə və yaş kateqoriyalarına uyğun kibertəhlükəsizlik üzrə altı ödənişsiz ustad dərsi təşkil olunmaqla 360 iştirakçının peşəkar biliklərinin artırılması və sertifikatlaşdırılması həyata keçiriləcək.
İki gün davam edəcək informasiya təhlükəsizliyi konfransında kiberdünyada qlobal çağırışlar, yeni kibertəhdid tendensiyaları, təhlükələr, risklər, real hadisələrin şərhi, rəhbər şəxslərin çıxışı və ekspert tövsiyələri ilə bağlı təqdimatları və panel müzakirələrini dinləmək fürsəti yaranacaq.
Azərbaycanda ilk dəfə kiberhücumların simulyasiyası ilə keçiriləcək “Kibermüharibə” yarışında dövlət qurumları, kritik infrastrukturlar, maliyyə və telekommunikasiya sektorları əməkdaşlarının informasiya təhlükəsizliyi üzrə təcrübə, bilik və bacarıqlarının təkmilləşdirilməsi, yeni texnoloji həllərlə tanışlıq, ixtisasartırma təlimləri nəzərdə tutulub.
“Kibertəhlükəsizlik sahəsində milli ekosistemin formalaşdırılması və inkişafı istiqamətində aparılmış əməli fəaliyyət ölkəmizin beynəlxalq reytinqlərdəki mövqeyinə ciddi şəkildə təsir edib”.
Bu fikir Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyevin 26-27 oktyabrda keçiriləcək “Critical Infrastructure Defence Challenge 2023” tədbiri ilə bağlı brifinqin iştirakçılarına müraciətində yer alır.
Ə.Nağıyev bildirib ki, kibertəhlükəsizlik sahəsində 176 ölkənin 46 indikator üzrə fəaliyyətinin qiymətləndirilərək sıralandığı Milli Kibertəhlükəsizlik İndeksinin reytinq cədvəlində Azərbaycan Respublikası 36 pillə yüksələrək 86-cı yerdən 50-ci yerə irəliləyib:
“Qeyd olunmalıdır ki, bu nəticə sözügedən reytinq cədvəlində ölkəmizin indiyədək qazandığı ən yüksək mövqedir. Hazırkı reytinq cədvəlində Gürcüstan 24-cü, Ermənistan isə 96-cı yerdədir. Müraciətdə o da qeyd edilib ki, ölkəmizdə kibertəhlükəsizlik üzrə kadr potensialının artırılması istiqamətində bir çox işlər həyata keçirilir
Mövzu ilə əlaqəli "Sherg.az”a danışan Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası (AİKTSA) İdarə Heyətinin sədri Elvin Abbasov bildirib ki, Azərbaycanda kibertəhlükəsizlik, kiberdələduzluq, kiberinsidentlerin dəyərləndirilməsi ilə bağlı çoxşaxəli işlər gedir:
"Nümunə olaraq Rəqamsal İnkişaf və Nəqliyyat Nazirliyinin İsrail universiteti ilə birgə açdığı Azərbaycan Kibertəhlükəsizlik mərkəzini, bu istiqamətdə ölkədə kütləvi olaraq başladılan kibertəhlükəsizlik üzrə tədbirləri göstərmək olar. Eyni vaxtda qeyri-hökumət təşkilatlarının bu istiqamətdə apardığı və dövlət tərəfindən maliyyələşdirilən tədbirlər Azərbaycanın kibertəhlükəsizlik sahəsində genişmiqyaslı bir baxış olduğunu sübut edir. Bütün bunların fonunda dövlətimiz postmüharibə dövründə kiberinsidentlərin,kibertəhlükənin artacağının fərqində idi.
Daha öncədən bu istiqamətdə genişmiqyaslı hazırlıq işləri başladıldı. Bununla bağlı profilaktik tədbirlər davam etdirilir. Həm qanunvericiliyin təkminləşdirilməsi, həm də kibertəhlükəsizlik sahəsində mütəxəssislərin yetişməsi istiqamətində işlər aparılır. Bu sahədə də böyük tədbir keçirildi. Bu tədbirdə cənab nazir və digər qurum rəhbərləri iştirak edib, münasibət bildirdilər. Azərbaycan da gələcəkdə öz kiberordusunu qurmaq yolunda addımlar atır. Çünki onun audit təcrübələri artıq bir neçə ildir ki, kiber-ordu anlayışının nə olduğunu və gələcəkdə müharibələrin təmamilə kiber fəzaya keçəcəyini xarici ölkələrdən xəbər alırıq. Hər bir vətandaşın kiber fəzadan ümumi anlayışlarının olması və ölkəmizdə kibertəhlükəsizlik mütəxəsislərinin artması istiqamətində prosseslər davam edir. Bir sözlə, kibertəhlükəsizlik sahəsi hazırda ölkəmizdə prioritet sahələrdən birinə çevrilib".