Son 1 il ərzində ölkə vətəndaşlarına yönəlmiş kiberdələduzluq faktları ötən illərə nisbətən daha çox artmağa başlayıb
Dövlət Yol Polisi (DYP) cərimə ödənişi ilə bağlı yaradılan saxta səhifələrə etibar olunmamasına dair xəbərdarlıq edib.
Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) verilən məlumatda bildirilib ki, sürücülərə cərimələrin ödənməsi ilə bağlı müxtəlif endirim kampaniyaları qismində elanlar təqdim olunur:
“Sosial şəbəkələrdə yerləşdirilən bu elanlar saxtadır və məqsəd vətəndaşların şəxsi və bank kartları məlumatlarını ələ keçirməkdir.
BDYPİ vətəndaşları diqqətli olmağa çağırır.
Son günlər “cəriməni buradan ödəyərək endirim əldə et” kampaniyası vədi verən “asancerime.com” internet saytı ilə bağlı şikayətlərin sayı artıb.
Araşdırma zamanı bu saytın ABŞ-də yaradıldığı və ölkəmizlə heç bir əlaqəsinin olmadığı müəyyən edilib”.
Mövzu ilə bağlı İnformasiya təhlükəsizliyi üzrə mütəxəssis Rəşad Zeyvəliyev "Sherg.az"a bildirib ki, son 1 il ərzində ölkə vətəndaşlarına yönəlmiş kiberdələduzluq faktları ötən illərə nisbətən daha çox artmağa başlayıb :
"Bunun başlıca səbəbi vətəndaşlarımızın diqqətsiz olması və saxta məlumatlara inanıb , etimad etməsidir. Dələduzlar da bu fürsətdən maksimum yararlanmağa çalışırlar. Vətəndaşlar başa düşməlidir ki, DYP tərəfindən yazılmış hər hansı bir protokol üzrə cəriməyə yalnız qanuna müvafiq şəkildə endirim tətbiq olunur. Məsələn vətəndaş inzibati xəta törədib cərimə məbləğini 3 iş günü ərzində ödəyirsə, bu halda məbləğin 10 faizi miqdarında ödənişdən azad olunmuş olur. Digər hallar da heç bir ödəniş portalı inzibati xəta protokolları üzrə ödənişlərə endirim edilmir. Digər diqqət ediləcək amillərdən bir neçəsi bunlardır: Dələduzlar tərəfindən yaradılan bütün sayt adları ( domainlər) com,net,org,biz tipli sonluqlarla bitir. Azərbaycanda fəaliyyət göstərən bütün ödəniş sistemlərinin domain sonluqları az və ya gov.az sonluqludur.Adətən dələduzlar yaratdığı bu saxta keçidlərin dah çox insana çatması üçün həmin keçidi ödənişli əsaslarla sosial şəbəkə platformalarında reklam edirlər.Vətəndaşların qarşısına belə bir reklam çıxdığı halda ən azından reklam verən səhifə,profilə keçid edərək real olub - olmamasını asanlıqla yoxlaya bilər ".
Ekspert qeyd edib ki, dələduzlar tərəfindən yaradılmış bütün saxta səhifələrdə ən azı bir neçə yerdə orfoqrafik və qrammatik səhvlər mövcud olur :
"Dələduzlar tərəfindən yaradılmış bütün saxta səhifələrdə bəsit və ümumi məzmunlu başlıqlardan istifadə edilir .Məsələn “ Siz bizdan 100 AZN manat məbləgində bonus qazandınız”. Diqqət etsək, bir cümlə də həm orfoqrafik səhv, həm də reallığı əks etdirməyən endirim məbləği var. Dələduzlar tərəfindən yaradılmış saxta səhifələrin demək olar ki, bir çoxunda SSL sertfikatdan istifadə olunmur. Bəsit dildə desək, sayta daxil olarkən, brouserin sağ üst küncündə “your connection is not secure” yazısı əks olunur,bu yazı ilə hər hansı bir səhifədə rastlaşan vətəndaş heç bir hallda öz şəxsi və kart məlumatlarını bu sayta daxil etməməlidir.Vətəndaşlarımız bütün növ ödənişlərini rəsmi bank tətbiqlərindən və ya ödənişi etmək istədiyi qurumun öz rəsmi veb səhifəsinin online ödəniş sistemindən istifadə edərək həyata keçirməlidir ".